Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Başlanğıc
16 aprel 2024 19:42
202

Başlanğıc

Əllərinizi qaldırın: təslim olmaq, klinçə girmək, müdafiə olunmaqçün yox, bütün dünyanı qucaqlamaqçün.

Əvvəl özünüzü, sonra başqalarını sevməyi öyrənin.

Gördüz alınmır, dərindən nəfəs alın, lap elə geri qayıdın, ilk addımı atdığınız yerə dönün.

Bir daha özünüzü sevin, sonra yenə başqalarını.

Sevəndə qarşılıq gözləməyin.

Etdiyiniz yaxşılıqları unudun. Əvvəl-axır sizə xatırladan tapılacaq, çünki "heç bir yaxşılıq cəzasız qalmır".

Hər cəzadan sonra yenə başlanğıca qayıdın.

Əvvəl özünüzü, sonra başqalarını sevin.

Hər günü ilk günmüş kimi yaşayın, adi gün kimi yaşasaz, həzz ala bilməzsiz, son gün kimi yaşasaz, zəhərə dönər.

Əvvəl özünüzü, sonra başqalarını sevməyi öyrənin.

Bütün müqəddəs kitabları oxumusuz, ya heç adlarını da bilmirsiz, fərqi yoxdu – insan dünyaya sevməyi öyrənmək üçün gəlib.

Yenə də ilk addım atdığınız yerə dönün.

Allahın su üstündə süzdüyü, "Ol!" kəlməsinin göyə yazıldığı, Adəmin asqırıb oyandığı, bir qabırğasının əskik gəldiyi, ilk günahın yaşandığı yerə qayıdın.

Mütləq seçməlisizsə, Habil olmağı seçin. Nifrətlə öldürməkdənsə, sevgiylə ölmək əfzəldi.

İşdi, alınınızdakı yazı dolaşıqdısa, yol göstərən qoca hövsələsizliyindən oxumayıb çöp tutursa və Habilin ölümü şərtdisə, qoymayın qarğa da eyni qədəri bölüşsün. Xilas edə biləcəyiniz qədər can, qurtara biləcəyiniz qədər ruh qazanın. Cibiniz boş olsa da, ürəyiniz dolu olsun.

Habil öləndən sonra səhraya üz tutmayın. Getsəniz də, yenə qayıdın. “Bütün qatillər cinayət yerinə dönür”, – deyirlər. Qayıdırlarsa, bunu öyünməkçün yox, peşman olduqlarıyçün edirlər. Bəlkə də, həmin yerə heç qan tökülmədiyini görməkçün...

Həmişə həyatı seçin, seçimlər arasında yoxdusa, onda ölümü sevin – insan ən çox sevdiyini öldürmək, ən çox sevdiyinə öldürülmək istəyir.

Yenə təzədən əvvəl özünüzü, sonra başqalarını sevməyə başlayın.

Bütün yollar Romaya aparmır. İrili-xırdalı, enişli-yoxuşlu... hamısı, hamısı başlanğıca aparır – sevməyi öyrənəcəyimiz yerə. Ondan sonrası həyatdı.

3
Müəllif
Şərhlər