Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
9 noyabr 2024 07:26
114

Bir kərə yüksələn bayraq bir daha enməz !

  Dünyanın ilk bayrağı insanlar arasında ictimai nizamı və özünü ifadə etmək ehtiyacını ödəmək üçün ortaya çıxan bir simvol hesab olunur. Bayraqlar tarixdə ilk dəfə olaraq Mesopotamiya, Çin, Misir və Hindistan kimi qədim sivilizasiyalarda istifadə edilməyə başlandı. Bu bayraqlar indiki müasir beynəlxalq bayraqlardan çox fərqli idi və çox vaxt orduya, hökumətə, krallığa və ya cəmiyyətin müəyyən qruplarına mənsubluq hissini gücləndirən simvollar kimi xidmət edirdi.

  Bayraqların tarixi şumerlərin və akkadların Mesopotamiya sivilizasiyalarına gedib çıxır. Şumerlər eramızdan əvvəl III minillikdə müxtəlif dövlət və şəhərlər qurmuşlar və bu şəhər dövlətləri bir-birindən fərqlənmək üçün bayraq kimi simvollardan istifadə etmişlər. Şumerlərin bu dövrdə istifadə etdikləri bayraqlar müxtəlif rəmzlərdən və dirəklərə qoyulmuş parçalardan ibarət idi. Xüsusilə orduya aid olan bu simvollar əsgərlərin hansı şaha və ya dövlətə sadiq olduqlarını göstərirdi.

  Bayraqlardan istifadə qədim Çində də kifayət qədər geniş yayılmışdı. Eramızdan əvvəl 2-ci minillikdə Şanq sülaləsi dövründə Çində döyüşçüləri və orduları müəyyən etmək üçün rəngli bayraqlardan istifadə olunurdu. Çin mədəniyyətində bayraqlar imperiya gücünü və birlik ruhunu təmsil edən güc və hakimiyyət simvolu kimi qəbul edilir.

  Bayraqlar təkcə hökumətin və ordunun simvolu deyil, həm də dini və mədəni əhəmiyyətə malik idi. Mesopotamiya sivilizasiyalarında bayraqlar tanrıları və mifoloji varlıqları təmsil edən simvollarla bəzədilmişdir. Məsələn: Şumer şəhər dövlətlərində tanrı rəmzləri bayraq dirəklərinə asılıdı. Bu simvollar xalqın və ordunun mənəviyyatını gücləndirən məna daşıyırdı. Belə simvolik bayraqlar cəmiyyətdə dini bağları gücləndirir və insanları bir araya gətirirdi.

  Bayrağın milli rəmz kimi qəbulu sonrakı dövrlərə təsadüf edir. Qədim dövrlərdə bayraqlar cəmiyyətin bir hissəsini və ya müəyyən bir qrupun simvolu olduğu halda, orta əsrlərdə sülalələr və dövlətlər bayrağı milli simvola çevirmişlər. Bayraqlar sülalələrin simvolu kimi inkişaf edərək, xüsusilə Avropada Orta əsrlər və İntibah dövrlərində daha çox korporativ kimlik qazanmışdır.

  Dünyanın ilk bayraqları Mesopotamiya və Çin kimi qədim sivilizasiyalarda şəxsiyyət, səlahiyyət və dini simvolizm ehtiyacından yaranmışdır. Bu gün hər bir ölkənin öz dövlət bayrağı var və bu bayraqlar xalqın mədəniyyətini, tarixini, müstəqilliyini təmsil edir. İlk bayraqların sadə simvollardan ibarət olduğu düşünülsə də, bu simvollar bəşər tarixində dərin məna kəsb etmiş və zaman keçdikcə bugünkü müasir bayraqlara gətirib çıxarmışdır.

   Bu gün 9 Noyabr - Dövlət Bayrağı Günü'dür. Bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. 

  Məqaləmi Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə'nin şüarı ilə bitirirəm:

  • Bir kərə yüksələn bayraq bir daha enməz ! 

  Mənəvi - maddi dəstək olan hər kəsə TƏŞƏKKÜRLƏR ! Növbəti məqalələrdə görüşmək diləyilə hələlik 🧡 

4
Müəllif
Dəstəkçilər
Avatar
Avatar
Şərhlər