Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Fokuslanmağa fokuslan
3 dekabr 2023 18:53
364

Fokuslanmağa fokuslan

Bəzən hansısa boşluğa dəqiqələrlə baxdığımız olur. Birdən bunun fərqinə varırıq və nə qədər vaxt həmin vəziyyətdə qaldığımız haqda düşünürük. Fikrimizin yayındığı belə anlarda ətrafımızda baş verən bir çox şey gözümüzdən qaçır. Qısası, həmin periodda boşluğa düşürük. Üst-üstə hesablasaq, bir çoxlarımızın ömrü aylar, bəlkə də illər boyunca belə boşluqda keçib.

Həyatı diqqətimizin yayınmadığı anlarda yaşayırıq.

Bir çox insan unudur ki, yaşamaq sadəcə nəfəs almaqdan ibarət deyil. Boşluğa düşdüyümüz anların sayını azaltmaq və bununla da, daha çox “yaşamaq” imkanı bizim əlimizdədir.

Medalın digər üzündən də bəhs etməsəm olmaz. Həmin tərəf bizim diqqətimizi yayındıran şeylərlə doludur. Burada bizim qarşımıza hər an yeni nəsə çıxır və başımız ona qarışır. Yetərincə diqqətli olmasaq, bu, etməli olduğumuz vacib işlərə mane ola, yekun nəticəyə mənfi təsir göstərərək işin səliqəsiz və səhvlərlə dolu şəkildə ərsəyə gəlməsinə gətirib çıxara bilər.

Bir işə nə qədər yaxşı fokuslansaq, həmin işdə uğur qazanma şansımız bir o qədər çox olar.

Diqqət çatışmazlığının yüksək olduğu bir zəmanədə bütün fokusu önəmli olan tapşırıqlara yönəldə bilmək bizim müvəffəqiyyət qazanmağımızda həlledici rol oynayır.

Gərəkdiyi zaman bir işə tam konsentrasiya ola bilmək, zaman və enerji kimi mücərrəd resursları bir nöqtədə cəmləşdirmək uğur ilə uğursuzluq arasındakı incə xətti müəyyən edir.

Düşündüyünüzün əksinə, diqqətimizi ən çox yayındıran ətrafımızdakı insanların dialoqları deyil, zehnimizdə özümüzlə etdiyimiz monoloqlardır. Qüsursuz konsentrasiya zamanı isə bu daxili səslər tamamilə sakitləşir.

Bu məqalədə davamlı olaraq edilən səhvlərdən bəhs olunacaq və diqqət müddətini artırmaq üçün bəzi məsləhətlər veriləcək.

İnkişaf etmək üçün diqqətini eyni anda bir yerə cəmlə

İllər keçdikcə diqqətə hakimiyyət dərəcəmiz bizlər üçün daha çox əhəmiyyət kəsb edir. Amma diqqəti kontrol altında saxlamaq reallıqda xeyli çətindir. Nə də olsa, bu günlərdə bizdən cavab gözləyən çoxlu mesajlar, susmaq bilməyən zənglər və oynaya biləcəyimiz daha çox oyun var.

Fikir versək, zəif diqqət kontrolu bir çox hallarda pis nəticələnir. Buna səbəb, vacib nüansları diqqətsizlik ucbatından gözdən qaçırmağımız olur. Odur ki, diqqətimizi əzələ kimi mütəmadi olaraq məşq etdirməliyik.

Diqqət həyatı asanlandıra və ya çətinləşdirə biləcək bir məfhumdur. Bizim onu kontrol etməkdə ustalıq səviyyəmiz burada həlledici rol oynayır. Hətta deyə bilərik ki, ondan lazımi şəkildə istifadə etməyi bacaran şəxslər böyük bir sərvətə yiyələnmiş sayılırlar.

Texnologiyanın mənfi rolu

Aydın məsələdir ki, texnoloji cihazlarda mövcud irəliləyişlər və onlardan geniş istifadə insanlarda diqqət pozğunluğuna gətirib çıxarır. İnformasiyanın çox olmasının bir mənfi cəhəti var ki, o, insanların beynini lazımlı-lazımsız bilgilərlə məşğul edir və beləliklə də, onların diqqətini əsas tapşırıqlardan yayındırır.

Günlük həyatda mobil cihazlardan istifadəni azaltmaq diqqətimizi kontrol altına almaqda bizə yardım edə bilər. Ancaq bunu etmək, heç də asan iş deyil, çünki insanlar telefonlarından gün keçdikcə daha çox asılı hala düşürlər. Gələn mesaj və bildirişləri yoxlamaq istəyi hər dəfəsində güc gəlir. Bu da öz növbəsində onların işinə və ya təhsilinə ziyan vurur, işlərin effektivliyinə ciddi maneçilik törədir.

Sevdiyin işlərə vaxt ayır ki, ruhdan düşməyəsən

Diqqət pozğunluğunun 2 növü var:

Hissi diqqət pozğunluğu – Duyğu orqanlarımızın qıcıqlanması nəticəsində baş verir. Bunu asanlıqla aradan qaldırmaq mümkündür;

Emosional diqqət pozğunluğu – Emosional yüklənmə nəticəsində yaşanan qeyri-iradi zehni reaksiyadır. O, hətta çox diqqətli insanlara da təsir edir. Bu tip diqqət problemini gözardı etmək daha çətindir.

Diqqətimizi saz vəziyyətdə saxlamaq üçün sevdiyimiz işlərlə tez-tez məşğul olmalıyıq. Bu zaman aldığımız həzz, zehnimiz üçün vacib enerji mənbəyi kimi çıxış edəcək.

Özümüz haqqında bilmədiklərimiz hədəflərimizə aparan gizli qapını formalaşdıra bilər

İşlər yolunda getməyəndə belə öz dəyərini başa düşmək və bu sayədə ruhdan düşməmək mühüm həyat bacarığıdır.

Özünü bilmək özünü idarə etməyin açarıdır.

Bir çox şey daim bizim onlara diqqət ayırmağımız uğrunda mübarizə aparır, lakin onların hamısı buna layiq deyil. Bütün bunlar arasında vacib olanları seçə bilmək və lazımsız şeylərə məhəl qoymamaq bizim işimizdir.

Yaddaş və konsentrasiya diqqət əzələsini tənzimləyərək hər hansı işə fokuslanma qabiliyyətimizi artırır, lakin fokusun həmin nöqtədə qalacağına zəmanət yoxdur.

Düşüncələr arasında səyahətə çıxmış zehni geri qaytarma bacarığı əvəzolunmazdır.

Diqqətli ol və sənin olanı əldə et

Qeyri-adi nəticələr əldə etmək üçün bütün xırdalıqlara diqqət yetirmək və qarşılaşdığımız problemlə bağlı nə edəcəyimizi dəqiqləşdirənə qədər ruhdan düşməmək əsasdır.

Diqqəti cəmləyə bilmək özü başdan ayağa uğurdur.

Zehni yorğunluğun qarşısını almaq üçün fasilə verməyi unutmamalıyıq, çünki koqnitiv yorğunluqdan əziyyət çəkəndə effektivlik böyük ölçüdə azalır. Bunun həlli kimi, gəzintiyə çıxmaq, su içmək və zövq aldığımız hər hansı bir işə vaxt ayırmaq məsləhət görülür.

Son olaraq, unutma ki, böyük hədəflərə nail olmaq istəyirsənsə, kiçik tapşırıqlar qarşısında özünü itirməməlisən. Uğura gedən yolda diqqətli ol və sənin olanı əldə et.


5
Müəllif
Şərhlər