Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Hörmətdə Ədalət
19 aprel 2024 16:58
407

Hörmətdə Ədalət

Hörmətdə ədalət olarmı heç,

Bəs onda bir-birinə niyə hamı bivec?

      Bu gün hörmətdə ədaləti tapmaq istəyirəm. Bilirəm hamı düşünəcək ki, hörmət və hörmət etməli olduğumuz insanlar uşaq vaxtından əksər ailələrdə öyrədilir. Bəli, bununla tamamilə razıyam. Təbii ki, hörmət dedikdə, yəqin ki, ilk ağıla gələn kiçiklərin böyüklərə hörmət etməsi ya da eyni yaşda olan insanlar arasında tutulan hörmətdir. Bəs böyüklərin cavanlara necə, bunun barəsində nə deyə bilərik?

      Niyə bilmirəm, amma heç eşitməmişəm ki, böyüklər də kiçiklərə hörmət etməlidir. Nədənsə bu hörmətdə biz payımıza düşəni heç də hər zaman ala bilmirik və nədənsə bu qarşılıqsız hörmətdə tabe olan da, haqsızlığa düçar olan da, səhv başa düşülən də ən sonda yenə biz cavanlar, kiçiklər oluruq. Düzdü, hər vəziyyət və hadisədə olduğu kimi burada da istisnalar var ki, bəzən cavanlar da böyüklərə hörmət etmirlər. Lakin ən azından bu belə olduğu təqdirdə onların səhvə yol verdiyini görürük. Amma böyüklər cavanlara demək olar ki, çox zaman hörmət etməməsinə baxmayaraq onların səhv etdiyini heç kim görmür, çünki bizdən fərqli olaraq onların səhvini göstərən hər hansı bir qayda, deyim yoxdur.

      Hər bir insan qorxunun nə olduğunu təcrübə edib. Elədir? Qaranlıqdan, yüksəklikdən və hətta tənha qalmaqdan qorxmaq… Amma mən yeni birini təcrübə edirəm. İctimai qınaq qorxusunu… Bəzən bu səbəbdən metro qatarının şüşəsində gördüyüm əksimin stansiyaya çatanda yox olması kimi insanlar arasında görünməz olmaq istəyirəm. İctimai qınağın nə olduğunu heç bilmirdim, təəssüf ki, indi demək olar hər gün üzləşmək məcburiyyətində oluram və hətta deyərdim ki, oluruq. Maraqlıdır ki, mən heç vaxt düşünməzdim ki, metroya, avtobusa minməkdən qorxaram. Belə ki, ictimai nəqliyyatlarda əvvəllər oturmaq üçün boş yer görəndə sevinərdim, indi qorxa-qorxa əyləşirəm. Niyə olduğunu tam olaraq izah etmədən öncə bir şey əlavə etmək istəyirəm. Hər gənc insan hamının düşündüyü qədər sağlam olmaya bilir, buna görə də bəzilərinin ayaq üstə çox qalmaqla bağlı, bəzilərinin isə ağır çantaları olduğuna görə əyləşməyə ehtiyac duyurlar. Lakin elə hər şey də ondan sonra başlayır. Yaşca bizdən böyük olan insanlar qınayıcı nəzərlərlə baxmağa, bizim tərbiyəmiz üzərində səsli danışmağa başlayırlar. Ola bilər, ilk baxışda insanlara belə görünür, amma məsələ burasındadır ki, səbəbini izah edəndə də inanmırlar, bu dəfə də yalançı olmuş oluruq. Heç bir halda düzgün başa düşülmürük. Həmişə cümlələrinə “indiki nəsil, müasir cavanlar, zəmanə uşaqları…” ilə başlayırlar, amma mən düşünmürəm ki, zəmanə dəyişiminə səbəb olacaq qədər yaşımız var, bu bizim günahımız deyil ki, onların düşündükləri qədər sağlam deyilik. Bizim zəmanəni onların zəmanəsi yetişdirib bu mərhələyə çatdırıb, yəni ağacın çürüməyinin səbəbi onun meyvələri ola bilməz. Əslində mən bunun üçün heç kimi günahlandırmıram, çünki yeniliklər, əsasən də əvvəl olduğundan fərqli olaraq təbii qida məhsullarının istifadəsinin azalması və s. kimi amillər, təbii ki, insanların da sağlamlıqlarında problem yaranmasına yol aça bilər, amma necə ki biz onları etmiriksə, eyni şəkildə onların da bizi günahlandırmalarını istəmirəm, hər sözümüzün yalan olmasına özlərini inandırmalarını istəmirəm. Biz onları görəndə niyə yer, yol veririksə, həmin səbəbdən dolayı onlar da bizlərə anlayış göstərsinlər. Metro və avtobus kimi eyni ödənişlə daxil olduğumuz nəqliyyat vasitələrində tərbiyəmizi fərqləndirməsinlər.

      Nədənsə çox məşhur bir cümləni insanlar özlərinə sərf edən situasiyalarda işlədirlər: “İnsan səhv edə bilər”. Mən də bu cümlədən yola çıxaraq böyüklərin bir gün kiçiklərə qarşı etdiklərini anlamalarını, bizim də söz haqqımız olduğunu unutmamalarını, anlayış göstərmələrini arzulayıram. Danışanda cavab qaytaran, danışmayanda laqeyd oluruq, halbuki biz sadəcə anlaşılan biri olmaq istəyirik.


4
Müəllif
Şərhlər