Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Lev Tolstoy - İnsan nə ilə yaşayır?
19 aprel 2024 18:46
951

Lev Tolstoy - İnsan nə ilə yaşayır?

Lev Nikolayeviç Tolstoyun yazmış olduğu "İnsan nə ilə yaşar?" kitabında biz bir çox həyati fəlsəfi hadisələrə rast gəlirik. 

Əvvəla, “İnsan nə ilə yaşayır?” sualına bialoji olaraq yanaşdıqda bu suala müxtəlif cavablar ortaya çıxır. Bu cavablara nəzər yetirək:

1. Su – su insanın yaşaması üçün ən vacib amil hesab olunur. Araşdırmalara görə insan 3 gün susuz yaşaya bilər. Lakin digər mənbələr bir insanın susuz 10 gün yaşaya biləcəyi qənaətindədir. Elmin bu suala verdiyi cavab isə 7 gündür. 

2. Qida – qida amili sudan sonra ən vacib amildir. Orqanizmin yeməksiz dayana biləcəyi müddət bir çox faktora görə dəyişir, bu müddət insandan-insana görə 1 ay ilə 3 ay arasında fərqlənə bilir. Ac qalmaq insanın orqanizmində bədənin qüvvətdən düşməsinə, baş gicəllənmələrinə, təzyiqin oynamasına, şəkərin azalmasına və digər problemlərə gətirib çıxarır. 

3. Hava – təbii olaraq insan havasız yaşaya bilməz. Bəs nəyə görə havanı su və qida kimi vacib hesab etmədik? Mənim fəlsəfi yanaşmama görə, nəfəsalma aktı şüursuz şəkildə baş verir. Biz nəfəsi öz qərarımızla alıb vermirik, Lakin qida və suyu öz istəyimizlə qəbul edirik. 

Yuxarıda sadaladığım amillərlə bağlı yaxın keçmişdə qardaş ölkə Türkiyədə yaşanan zəlzələ hadisəsinə nəzər yetirə bilərik:

6 fevral 2023-cü ildə 2 böyük zəlzələ yaşanan Kahramanmaraş zəlzələsində gördüyümüz kimi, uşaqların 180 saatdan çox su və yeməksiz qaldıqdan sonra sağ qalması kimi möcüzəvi hallar nadir də olsa var idi. 

Lakin “İnsan nə ilə yaşayır” əsərində mövzuya fəlsəfi yanaşma olduğuna görə bizim üçün bioloji amillər elə də böyük əhəmiyyət kəsb etmir. 

Əsərin əvvəlində əsas personaj olan çəkməçi öz borclarını toplamağa gedir. Günün sonunda isə borclulardan cəmi 20 qəpik qopara bilir. Çəkməçi dərd-qəmindən qopara bildiyi 20 qəpiyi də içkiyə verir. Bəs görəsən, çəkməçin son 20 qəpiyini içkiyə verməsinə səbəb nədir? Yəqin ki, çəkməçi içki içərək zehnindəki yorğunluğu, düşüncə çoxluğunu, mənfi emosiya və duyğuları özündən kənarlaşdırmağa çalışır. Çünki içki içən insanlarda dopamin hormonları yüksəlir, bu səbəbdən də onların xoşbəxtlik səviyyəsi artır. Hər nə qədər yanlış üsul ilə olsa da, xoşbəxt olmaq onun da haqqı idi. Ümumiyyətlə, xoşbətlik nədir?

Xoşbəxtlik hər kəs üçün müxtəlif məna kəsb edir, çünki hamının fərqli və özünəməxsus baxış bucağı vardır. Lakin xoşbəxtliyin müxtəlif məna kəsb etməsinə baxmayaraq, hər bir insan xoşbəxt olmaq azusu ilə yaşayır. Xoşbəxtlik anlayışı çox geniş və əhatəli məhfumdur, amma onun konkret cavabı yoxdur. Buna görə də xoşbəxtlik anlayışı, əsasən, nisbi anlayış hesab olunur. Yuxarıda qeyd etdiyim kimi insanların fərqli baxış bucağı olduğundan xoşbəxtliyi fərqli şeylərdə görürlər. Bir insan üçün xoşbəxtlik ailə sevgisi olduğu halda digəri üçün xoşbəxtlik pul, sərvət meyli və s. ola bilir. 

Xoşbəxtlik bütün bəşəriyyət boyu insanların önəmli sayıla biləcək problemlərindən biri olmuşdur. Bu fikrə istinad edərək qeyd edə bilərəm ki, dövrünün görkəmli filosofları da xoşbəxtlik məhfumuna dair öz fikirlərini bildirsələr də, ortaq bir nəticə əldə edə bilməmişdilər. Elə isə nəzər yetirək ki, xoşbəxtlik bizim üçün dəyərli olan filosofların gözündə nədir?

  •  Aristotel hesab edirdi ki, xoşbəxtlik hiss olunan bir vəziyyət deyil, həyat tərzidir. Bu həyat tərzinin əsas xüsusiyyəti isə odur ki, hər bir fərddə onun ən yaxşı cəhətlərini ortaya çıxarır. 
  • Qədim Yunanıstanın görkəmli filosofu olan Epikur xoşbəxtliyin tarazlıqda olduğunu ifadə edirdi. O xoşbəxtliyin sevgidə olmadığını, onun dostluqdan qaynaqlandığını müdafiə edirdi. Epikur deyirdi: “Axşam yeməyində nə yediyiniz sizi xoşbəxt etməsə də, kiminlə yediyiniz sizi xoşbəxt edər. Alma, üstündə yata biləcəyimiz döşək və ən önəmlisi bir dost xoşbəxtlikdir”. 
  • Stoik fəlsəfəsinin banisi olan Kiprli Zenonun fikrincə, xoşbəxtlik ölçülü davranmaqdır, eyni zamanda təbiətə uyğun yaşamaq deməkdir. Zenon təbiətin bizə həqiqəti göstərəcəyini düşünürdü. Panteist görüşü qəbul edən Zenon, təbiətdə Tanrının və bizim mahiyyətimizin olduğunu müdafiə edirdi. Xoşbəxtliyin təbiətdə və sadə yaşamaqda olduğunu vurğulayırdı. 
  • Nitsşeyə görə isə xoşbəxtlik qısamüddətlidir. Hər an bitə bilər. O xoşbəxtliyi tənbəlliyin ideal vəziyyəti kimi təyin edirdi. Nitsşe iddia edirdi ki, insan öz azadlığını və öz ideyalarını məhdudlaşdıran bütün maneələri dəf edəcək böyük gücə və mübariz ruha malik olmaqla həyatdan razı qala bilər. Xoşbəxt olmaq çətinliklərin öhdəsindən gəlmək və həyatın həqiqi yollarını yaratmaqla bu gücə sahib olduğunu sübut etməkdir. Sonda nəticə olaraq Nitsşe deyirdi ki, xoşbəxtliyə can atmaq cansıxıcı bir israfdır və ətrafımızda israfçı insanlar var. 
  • Buddanın fikrincə, xoşbəxtliyə aparan heç bir yol yoxdur. Yol xoşbəxtliyin özüdür. Əldə ediləcək heç bir mütləq məqsəd olmadığını ifadə edən Budda, xoşbəxtliyi yalnız səyahətimiz zamanı tapa biləcəyimizi müdafiə edir.
  • Kierkegaard xoşbəxtliyin anı yaşamaqdan və ondan həzz almaqdan ibarət olduğuna inanırdı. Mövcud şərtlərin gətirdiyi problemləri dəyişdirmyi dayandırıb onları təcrübə kimi görməyə başladıqda xoşbətliyə nail ola biləcəyimizi müdafiə edir. “Həyat həll edilməli bir problem deyil, yaşaması lazım olan bir reallıqdır”. 
  • Henry David Thoreau qeyd edir ki, xoşbəxtlik kəpənək kimidir, biz onu nə qədər tutmağa çalışsaq, bir o qədər qaçar, amma diqqətinizi başqa şeylərə yönəltdiyiniz zaman o gəlib çiyninizə düşəcək. “Ümid edirəm hər kəs axtardığı xoşbətliyi ən qısa zamanda tapacaq...”

Ardıcıl olaraq çəkməçi evə qayıdarkən kilsənin divarına yaslanmış çılpaq bir oğlan görür. Onun ölü olduğunu düşünüb yanından düz keçir, daha sonra isə geri boylananda həmin oğlanın hərəkət etdiyini görür. Lakin vicdanı qorxusuna qalib gəlir, buna görə geri qayıdaraq oğlana kömək edir. Qorxusuna qalib gəlməklə o böyük risk edir və bu risk də ona böyük fayda verir. Bu risk sayəsində oğlan vasitəsilə çəkməçinin rifahı yaxşılaşır. Buna misal olaraq bir atalar sözü də demək mümkündür: "Nə tökərsən aşına, o da çıxar qaşığına". 

Çəkməçinin vicdanı həmin oğlan üçün ikinci bir şans yaradır, bu hadisə eynilə "Xalçası oğurlanan mollanın" hekayəsinə bənzəyir. 

Bu hekayə molla və qonşusu arasında cərəyan edir. Günlərin bir günü qonşu mollanın yoldaşı ilə evdən çıxdığını görüb evə oğurluğa girir. Bu dəmdə mollanın yoldaşı bir əşyasını evdə unutduğu üçün molla ilə geri qayıdır. Evə girərkən qonşunun xalçanı çiyninə alaraq evdən çıxdığını görürlər. Hər kəs təəccüb içərisində qalır və molla anidən belə deyir: 

-Salam, ay qonşu. Nəhayət ki, gəlib bu xalçanı apardın. Mən də uzun zamandır səni gözləyirəm. 

Molla arvadına dönərək sözünə davam etdi: 

-Uzun zamandır xalçanı yudurtmaq üçün adam axtarırdım. Qonşu ilə qərarlaşdırmışdıq ki, gəlib xalçanı götürsün və aparıb yusun, amma indi düşünürəm ki, evimizdə bir neçə xalça olduğundan bu xalçanı elə qonşuya hədiyyə edək, - deyə üzünü qonşuya çevirdi, - qonşu, bu xalça sənin halal xoşun. 

Sabahsı gün qonşu əlində yuyulmuş xalça ilə mollanın evinə gəlir. Xalçanı mollaya təhvil verib utancaq şəkildə təşəkkür edir. Və bundan sonra bir daha oğurluq etmir. 

Bu hekayədəndə gördüyümüz kimi bəzən vicdanlı davranmaq qarşımızdakı insan üçün ikinci şans deməkdir. 

Eyni hadisəyə Viktor Hüqonun "Səfillər" əsərində də rast gəlirik. Bu əsərdə də yepiskopun vicdanı ilə qarşılaşırıq. Yepiskop Jan Valjanı öz evinə alaraq ona yaxşılıq edir, onu Tanrının göndərdiyi bir qonaq kimi dəyərləndirir. Lakin Jan Valjan yepiskopa xəyanət edərək onun şamdanlarını oğurlayır və yolda əlində şamdanlarla tutulan Jan Valjan yepiskopun həmin şamdanları ona hədiyyə etdiyini deyərək canını qurtarmağa çalışır. Məsələnin aydınlaşdırılması üçün onu yepiskopun evinə gətirirlər, bu zaman yepiskopdan şamdanların onun olduğu soruşulur, cavabında yepiskop vicdan sərgiləyərək şamdanları Jan Valjana hədiyyə etdiyini deyir. Bu hadisə, yəni Yepiskopun vicdanı Jan Valjana təsir edərək onu oğurluq etməkdən bir dəfəlik çəkindirir.

 Əsərin əvvəlində çəkməçinin tapmış olduğu çılpaq oğlan əslində insan deyil də bir mələk imiş. Əsər boyu diqqətimizi çəkən əsas nüanslardan biri isə mələyin üç dəfə gülümsəməsidir. İlk dəfə gülümsəyərkən insana nəyin verildiyini anlayır. O buna çəkməçinin yoldaşı Matryona vasitəsilə nail olur. Çəkməçi çılpaq oğlanı evə aparandan sonra Matryona bunu görüb əsəbləşir. Zənnimcə, Matryona burada qismən də olsa, haqlı ola bilər. Çünki həmin ərəfədə ailənin maddi vəziyyəti yaxşı deyildi. Qəzəblə davranan Matryona yamaqlı kürkü götürərək evi tərk etməyə çalışır, daha sonra isə fikrindən daşınır. Bunu görən oğlan, yəni mələk ilk dəfə gülümsəyir. O bilirdi ki, qadın qapıdan çıxarsa, öləcək. Bu hadisə ilə insana nə verildiyini anlayır: sevgi.

 Mələyin ikinci dəfə gülümsəməsi hadisəsi şahın ondan bir il müddətində geyinə biləcəyi, cırılmayan, möhkəm çəkmə sifariş etdiyi ana təsadüf edir. Mələk şahın çiynində ölüm mələyini görür. Bilir ki, şah o çəkməni heç bir saat belə geyinə bilməyəcək. Buna görə də çəkmə əvəzinə başmaq tikməyə başlayır. Bununla da insana nəyin verilmədiyini anlayır: İnsanlara öz canları üçün nəyin vacib olduğunu bilmək. Çünki şah çəkməni bir il müddətinə geyinmək üçün sifariş verir, amma ömrünün nə qədər olduğunu bilmirdi. 

 Üçüncü gülümsəmə hadisəsi əkizləri görərkən baş verir. Mələk pəncərədən əkizlərlə gələn ananı görüb gülümsəyir. Mələk əkizlərin necə sağ qaldığını xatırlayır. Onları tanıyır və fikirləşir: “Anası körpələrdən ötrü yalvardı, mən ona inandım. Düşündüm ki, körpələr anasız-atasız yaşaya bilməz. Amma yad bir qadın onları bəsləyib-böyütdü”. Bununla da mələk Tanrının ona sonuncu işarəni də bəyan etdiyini anlayır və üçüncü dəfə gülümsəyir. 

 Bütün bu hadisələr mələyə insanın nə ilə yaşadığını öyrədir. İnsan sevgi ilə yaşayır. Sevgi ilə qalın…

8
Müəllif
Şərhlər