Naxçıvan teatrı və cəmiyyətin tələbi (ABSURD TEATRI)
"Teatr xalqın aynasıdır. Naxçıvan teatrı mənəvi gücümüzü göstərən bir ocaqdır və onun səhnəsi xalqımızın maariflənməsi yolunda sarsılmaz bir dayağa çevrilmişdir." (Cəlil Məmmədquluzadə)
Qədim tarixə malik teatr sənətini bəzən cəmiyyətin güzgüsü, bəzən müqəddəs məkan və bəzən də maarifləndirici tendensiya olaraq gördülər. Amma hələ də cəmiyyət teatrın əsl varlığını anlamır.
İndi sizinlə bərabər teatrın uzun tarixində bir kiçik səyahət edəcəyik. Yunan şərab tanrısı Dionisin şərəfinə təşkil olunan Dionis bayramlarından kökün alan teatr illər keçdikcə özünü inkişaf etdirərək əsl yaranış çərçivəsindən çıxdı. Qədim dövr teatra nəzər salsaq burda tək Yunan teatrını yox eyni zamanda qədim Misir və qədim Roma teatrlarını da görə bilərik. Misirdə "Osiris Misteriyaları" adlı dini səhnələşdirmələr teatrın ilkin forması kimi qəbul edilir. Roma da isə teatr Yunan teatrından faydalanaraq qladiator döyüşləri və xalq tamaşaları olaraq inkişaf etdi. Qədim dövr teatr sənətini ilahi və mistik qüvvələrə həsr olunduğu açıq aşkar görünür.
Orta əsrlərdə də teatr əsasən dini mövzularla məhdudlaşmışdı. Xristian dünyasında Bibliya hekayələrini əks etdirən "Misteriya oyunları" geniş yayılmışdı. Bununla yanaşı, xalqın gündəlik həyatını və sosial problemləri əks etdirən məzhəkə formaları da inkişaf etdi. Teatr sənəti getdikcə inkişaf edir və insanlar arasında böyük marağa səbəb olurdu. Çünki teatr həm güldürür, həm ağladır, həm də düşündürürdü. Bu da din xadimlərinin bu vəziyyətdən sui-istifadəsinə gətirib çıxarmışdı. Amma çox keçmədi ki, teatr ona qoyulan bütün kriteriyaları aşıb keçdi və renessans dövrünə qədəm qoydu.
Renessans dövrü teatrın ən böyük sıçrayışlarından biri oldu. Bu dövrdə teatr dini məhdudiyyətlərdən çıxaraq insanın daxili aləmini, sevgi, siyasət və əxlaq məsələlərini əks etdirməyə başladı. Uilliam Şekspir, Molière və Lope de Veqa kimi dahi dramaturqların əsərləri bu dövrdə yaradıldı. İtaliyada opera və komedi dell'arte kimi teatr janrları meydana çıxdı və geniş yayıldı.
17-19-cu əsrlərdə teatr realizm, romantizm və naturalizm kimi yeni cərəyanlarla zənginləşdi. Bu dövrdə Anton Çexov, Henrik İbsen və Avqust Strindberq kimi realist dramaturqlar teatr sənətinə öz töhfələrini verdilər. Eyni zamanda, milli teatrların yaranması müşahidə olundu. Azərbaycan teatrının əsasları da məhz bu dövrdə, Mirzə Fətəli Axundovun dramaturgiyası ilə qoyuldu. Onun “Lənkəran xanın vəziri” əsəri əsasında hazırlanan tamaşa Azərbaycan teatr sənətinin yaranmasına böyük töhfə verdi. 1873-cü il 10 mart tarixində Azərbaycan Dram Teatrı səhnəsində (indi ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatr) Əbdürrəhim bəy Haqverdiyevin rejissorluğu ilə nümayiş olundu. Bununla da Azərbaycanda peşəkar teatrın əsası qoyuldu. Çünki qədim dövr Yunanıstan, Misir və Roma kimi Azərbaycanda da xalq oyun tamaşaları nümayiş olunurdu. Buna nümunə olaraq kilim arası, qodu-qodu və s. xalq oyun tamaşalarını göstərə bilərik.
20-21-ci əsrlərdə teatr sənəti həm klassik ənənələri qoruyaraq, həm də müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdi. Absurd teatr və eksistensializm kimi ədəbi cərəyanlar Samuel Bekett və Eugene Ionesco kimi dramaturqlar vasitəsilə teatrda öz əksini tapdı. Texnologiyanın inkişafı isə səhnə dekorasiyası, işıqlandırma və xüsusi effektlər sahəsində inqilab etdi. Bu dövrdə eksperimental teatr daha geniş yayılaraq ənənəvi formaları aşdı. Məhz 21-ci əsrdə də dünya teatrlarında baş vermiş tendensiyalardan geri qalmayaraq Naxçıvan Dövlət Milli Dram Teatrı Viktor Hüqonun “Edama məhkumun son günü” absurd tamaşası ilə tamaşaçıların qarşısına çıxdı. Bu tamaşa Naxçıvan teatr tarixində ilk absurd əsər olaraq tarixə keçdi. Artıq cəmiyyət dəyişir və insanlar yenilik axtarışındadır. Tamaşaçılara ötən əsrlərdəki kimi pafoslu və şişirdilmiş tamaşalar satmaq mümkün deyil. Tamaşaçı düşündürücü və dərin fikiri özündə ehtiva edən tamaşalar axtarırlar. Və buna görə Naxçıvan teatrı “Spiral”, “Edama məhkumun son günü” və s. bunun kimi tamaşalar hazırlamağa başladı.
Son illərdə tamaşaçıların absurd teatr janrına diqqəti niyə artıb?
Absurd teatr janrını sevən tamaşaçılar adətən kompleks düşüncə tərzinə və analiz etmə bacarığına malik fərdlərdir. Bu janr, ənənəvi hekayə quruluşlarından və məntiqli səbəb-nəticə əlaqələrindən uzaq olduğu üçün onu sevən insanların psixoloji vəziyyətini dərin fəlsəfi maraq və daxili təfəkkürlə izah etmək mümkündür. Absurd teatr insanın həyatdakı məna axtarışını, mövcudluq problemlərini və qeyri-müəyyənlikləri əks etdirir. Bu cür tamaşalar bəzən tamaşaçılarda həyatın mənasızlığı hissini yaratsa da, onları mövcudluğun mahiyyəti barədə düşünməyə sövq edir. Bu, həmin insanların həm həyatdakı paradokslarla barışmağa çalışdığını, həm də bu paradoksları anlamağa can atdığını göstərir.
Absurd teatrı sevən tamaşaçılar qeyri-adi düşüncə tərzinə malikdirlər. Onlar ənənəvi baxışlardan uzaqlaşaraq, hadisələrə və problemlərə fərqli perspektivdən baxmağa üstünlük verirlər. Onların düşüncə sərhədləri genişdir və onlar stereotipləri aşmağa meyillidirlər. Bu janr tamaşaçılara sadə cavablar təqdim etmir və əksinə, insanın həyat və mövcudluqla bağlı dərin suallarla üzləşməsinə şərait yaradır. Tamaşaçılar isə bu qeyri-müəyyənlikdən narahat olmaq əvəzinə, onu qəbul edir və həyatın xaotik gözəlliklərini görməyə çalışırlar. Onlar həmçinin absurd teatrın təqdim etdiyi yumor və ironiyadan zövq alırlar, çünki bu yanaşma həyatın çətinliklərinə qarşı müəyyən mənada müqavimət hissi yaradır.
Absurd teatr çox vaxt tamaşaçılarda mövcudluq qayğısını və təcrid hissini dərinləşdirə bilər. Bu, bəzən daxili gərginlik yaratsa da, həmin şəxslər bunu sənətin bir hissəsi kimi qəbul edirlər. Onlar insanın həyatdakı tənhalığını və anlamazlığını daha yaxşı anlayır və bu duyğularla üzləşməkdən çəkinmirlər. Əksinə, bu vəziyyəti öz daxili inkişaflarına təkan kimi istifadə edirlər. Absurd teatrı sevən tamaşaçılar həyatın mürəkkəbliyini qəbul edərək, bu mürəkkəbliyin içində gözəllik və mənanı dərk etməyə çalışırlar. Onlar intellektual maraqları yüksək və emosional olaraq güclü fərdlərdir. Çətin mövzular onların maraq dairəsinə daxildir və onlar bu mövzuları dərindən araşdırmağı sevirlər.
Bu janr tamaşaçıları üçün sənət və fəlsəfə arasında əlaqə böyük əhəmiyyət daşıyır. Onlar azadlıq, seçim, həyatın mənasızlığı və insanın mövcudluğu kimi fəlsəfi məsələlər üzərində düşünməyi sevirlər. Absurd teatrın təqdim etdiyi qeyri-məntiqi səhnələr və dialoqlar bu tamaşaçılarda həm təfəkkürü genişləndirən, həm də daxili aləmi zənginləşdirən bir təsir yaradır. Bu janrın tamaşaçıları həyatın mürəkkəb və bəzən məntiqsiz tərəflərini qəbul edərək, bu məqamlarda gözəllik tapmağa çalışan insanlardır. Beləliklə, absurd teatr janrını sevənlər sənəti və həyatı bir-biri ilə bağlayan fərdi bir körpü quraraq öz daxili dünyalarında harmoniya yaratmağa çalışırlar.
Naxçıvan teatrı müasir dövrdə həm klassik, həm də müasir janrlarla zənginləşərək inkişafını davam etdirir. Teatr sənəti, tarixi boyunca, insan həyatının, mədəniyyətinin və düşüncələrinin güzgüsü olmuşdur və bu ənənə bu gün də uğurla davam edir.