Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Özünüsatanlar
6 iyun 2024 20:13
279

Özünüsatanlar

       Siz heç Xalqlarda və ya Neftçilərdə olmusuz?! Bunlar Bakının hər üzünü görən yerlərdəndir. Son zamanlar buralarda çox oluram. Və gözümə özünüsatanlar dəyir. Onlar yol kənarında, körpüaltında dayanıb gözləyirlər ki, hansısa bir maşın onlar üçün dayansın. Həmin maşındakı şəxs və ya şəxslər onların gününü müəyyən pul müqavilində alır. Daha bilmirəm saatları, günləri neçəyədir, ancaq onu bilirəm ki, bu işə bir parça çörəyə görə dözürlər. Mən isə bu insanları dəstəkləyirəm...

       Bilirsiz, insanlar bu barədə fərqli düşüncələrə sahibdirlər. Kimisi bu işə ayıb bir şey kimi yanaşır. Kimisi isə “əhsən” deyib susur. Çünki günümüzdə bu cür bir yükün altına girmək hər insanın başı üçün deyil.

       Özünüsatanların arasında bəlkə ali təhsilli olanları da var, ancaq nə edək ki, bu insanların bəxti, taleyi bu cür gətirib. Ancaq taleyə də inanmıram. Yazıçı Cek Londonu xatırladım. “Martin İden” əsərini yazdıqdan sonra yazıçı əsərin sonunu yaşamaq qərarına gəlir və öz taleyini o istiqamətə dəyişir. Burdan nə başa düşürük?! Yazıçı öz taleyini, öz həyatını özü yazır və yaşayır. Daha “Mənimki də belə gətirdi” deyib kənara çəkilmir. Ancaq siz Cek Londonu örnək götürməyin. O hər nə qədər öz istədiyi həyatı yaşasa da istiqamətini gözəl təyin etməmişdi. Siz xariqüladə olaraq həyatınızı gözəlliklərlə bəzəməyi düşünün. Çünki nə düşünsəniz, o da duanıza çevriləcək.

       Özünüsatanlardan danışırdıq axı?! Onların arasında mütləqdir ki, övlad yetişdirənlər var. Məhz övladları üçün, ailələri üçün özlərini satırlar. Onlar qədər fədakar ola bilərsiz? Çətin ki...

        Bir gün onlara yaxınlaşacam. Gündəlik qazanclarının nə qədər olduğunu soruşacam. Ümumiyyətlə mənə marağlıdır ki, həqiqətən onlara tələbat çoxdur? Görəsən hər biri gün ərzində pul qazana bilir? Yoxsa aralarında elələri var ki, xarici görünüşünə görə heç kəs tərəfindən bəyənilmir və gün ərzində qazancı olmur?!

         Bayaqdan elə özünüsatanlar deyirəm, ancaq vurğulayım ki, onlar mənə görə özünüsatanlar deyil də, işinisatanlar adlandırılmalıdır, hətta beləsi daha doğru olar. Ancaq yenə də ümumi olaraq özünüsatanlar deyəcəyik.

         Düşündükcə insana qəribə gəlir. Bu iş həqiqətən çətindir. Pula görə kiminsə qarşısında əyilirsən. Nəzərə alsaq ki, bu insanın necə xasiyyətli biri olacağı sadəcə ehtimallara bağlıdır, onda bizim bu özünüsatanlar həm də özlərinə şans diləyirlər. Onlara it kimi davrananlar mütləq vardır. Onlara qul kimi davrananlar mütləq vardır. Bir də inanıram ki, onlara sevgi ilə yanaşacaq insanlar vardır. Məsələn, biri elə mən. Onlara sevgi ilə baxıram. Onların əzminə həsəd aparıram...

         Hər biri də evdən öz aparatını, iş cihazını gətirib dayanır ki, bəlkə kiminsə yanında iş olar. Yox, yox, mən fahişələrdən, pozğunlardan danışmıram. Bəlkə bir gün onlardan da danışarıq, ancaq mən bütün məqalə boyu sizə yol kənarında dayanıb iş gözləyən kişi fəhlələrdən danışırdım. Onların işi nə qədər də çətindir!


#23

Qəhrəmanov Hüseyn

Əlaqə: 0708663812

İnstagram: qahramanov.huseyn

4
Müəllif
Şərhlər