Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Produktivliyin 10 sirri
11 dekabr 2023 05:09
828

Produktivliyin 10 sirri

1) Hərtərəfli iş siyahısı yarat

Tapşırıqlar arasında özünü itirmək istəmirsənsə, səni gözləyən bütün işləri bir siyahı şəklində yazmağı sınaqdan keçirə bilərsən. Bunu etmədikdə, tək-tək yerinə yetirməyin asan olduğu tapşırıqlar belə gözümüzdə böyüyə və beləliklə də, zehnimizdə gərəksiz baryeralara səbəb ola bilər.

Görüləcək işlər siyahısı hazırlamaq insanlara həmin günü vizuallaşdırmaqda yardımçı olur. Bu, həm də bizə vacib layihələri prioritetləşdirmək imkanı verir. Mühüm işlər bitdikdən sonra qalan xırda tapşırıqlar üçün vaxt ayırmaq daha asan hala gəlir. Sözügedən yanaşmanın ən üstün cəhətlərindən biri də, hər tamamlanan işdən sonra siyahıda həmin tapşırığın üzərindən xətt çəkməyin verdiyi həzdir. Günün sonunda siyahıdakı sözlərin cızıqlarla əvəzləndiyini görmək isə eyni prosesi sabah da təkrarlamaq üçün bizə yeni bir səbəb vermiş olur!

2) Səhərlər ilkin olaraq tapşırıqları prioritetləşdir

Səhəri gün görüləcək işlərin siyahısını bir gün öncədən tərtib etməyi yoxlaya bilərsən. İşə başlamazdan əvvəl prioritetləşdirmək üçün siyahını bir daha nəzərdən keçir və gün boyunca səni hansı işlərin gözlədiyini ağlında tut. Ən əsası isə, həmin siyahını göz önündə bir yerdə qoymaqdır ki, nə qədər işin qaldığına tez-tez göz gəzdirə biləsən. Bu da sənə iş tempini əlindəki tapşırıqların miqdarına uyğun şəkildə tənzimləmək imkanı bəxş edəcək.

3) Diqqətini eyni anda yalnız bir tapşırığa yönəlt

Müəyyən bir işi qısa müddətdə başa çatdırmalı olduqda, çoxu insan eyni anda bir neçə işlə məşğul olmağa çalışır. Bütün diqqətini yalnız bir tapşırığa yönəldənlər isə daha yüksək səviyyəli məhsuldarlıq əldə edirlər. Qısası, eyni anda hər şeyə vaxt ayırmağa çalışmağın başını buraxmaq lazımdır. Bunun əvəzində, bütün fokusumuzu yalnız bir işə yönəltməli və diqqətimizi yayındıracaq təsirlərdən uzaqlaşmağa çalışmalıyıq.

4) Tapşırıqları qruplaşdır

İşin çox olduğu vaxtlarda məhsuldarlığı artırmaq üçün tapşırıqları qruplaşdır. Məsələn, işləri bir mürəkkəb tapşırıq, üç orta çətinlikdə tapşırıq və beş asan tapşırıq şəklində kateqoriyalara ayıra bilərsən. Bu yanaşma sayəsində bizi gözləyən işləri zehnimizdə ardıcıl mərhələlər şəklində düzə və hər mərhələnin sonunda geriyə baxıb nə qədər çox şeyə nail olduğumuzu görərək özümüzlə qürur duya bilərik.

Həvəsdən düşməmək üçün özümüzlə oynadığımız zehin oyunları mütləqdir.

5) Məhsuldarlığı artıran musiqilərə qulaq as

Məhsuldarlığı artırmaq üçün əldəki işlərə fokuslanmağa kömək edəcək musiqilərə üstünlük verməyə çalış. Klassik musiqilər bunun üçün mükəmməl seçim sayıla bilər. Ancaq burada da, “sənin zövqün, sənin seçimin” prinsipi işə düşür. İnternetdə müxtəlif pleylistlər tap, hər birinə şans verərək eksperiment apar. Dinləyərkən məhsuldarlığını pik həddə çatdıran həmin pleylist isə sənin “klassik musiqi”n olacaq.

6) Sağlam həyat tərzinə üstünlük ver

Sağlam həyat tərzi çoxlarının nəzərə almadığı məhsuldarlıq hiyləsidir. Çoxsaylı tədqiqatlar sağlamlıq və zehni kəskinlik arasında birbaşa əlaqə olduğunu göstərir. Hər gün məşq etmək başımızı gərəksiz fikirlərdən təmizləmək üçün əla vasitədir. Gün ərzində sağlam qidalanmağın önəmini də unutmaq olmaz. Qısası, bədənimizin qayğısına qalsaq, o, işlərin öhdəsindən gəlməkdə bizim ən böyük dəstəkçimizə çevriləcək.

7) Telefonu söndür

Fokuslanmaq istəyirsənsə, ilk növbədə telefonu söndür və yaxud da ki, əlçatan yerdə qoymamağa çalış. Əmin ola bilərsən ki, mesaj və zənglər düşündüyündən daha uzun müddət gözləmədə qala bilər. Gündəlik həyatımızdakı səs kirliliyini aradan qaldırma öhdəliyi bizim üzərimizə düşür.

8) Öz ritmini tap

Bir çox uğurlu insan üçün məhsuldarlıq ritm tapmaqdan ibarətdir. Əgər kimsə özünü “sönmüş” hiss edirsə, əlindən gələnin ən yaxşısını etməsi xeyli çətin olacaq. Hər kəs öz ritmini fərqli üsulla tapa bilər. Məsələn, kimsə səhərlər qısa məşq etməklə buna nail olursa, digər bir nəfər eyni nəticəni klassik musiqi dinləyərək əldə edə bilər. Yəni hər şey bizdən asılıdır.

9) Qısa fasilələr et

Az olsa belə, fasilə vermək çox önəmlidir. Bu, ilk baxışda vaxt itkisi kimi görünə bilər, amma əslində produktivlik uğrunda atılmış bir addımdır.

Qısa fasilələr sonradan atılacaq 3 addım uğrunda geriyə atılmış 1 addım kimidir.

Gün ərzində fasiləsiz şəkildə irili-xırdalı 20 iş görməyə çalışmaq işin keyfiyyətinə şübhəsiz ki, mənfi təsir göstərəcək.

Nəfəsimizi dərmək üçün yavaşlamaq sonrasında bizə daha sürətlə qaçmaqda yardımçı olacaq.

10) Ən çətin tapşırıqdan başla

Səhərlər diqqətimiz pik səviyyədə olur. Bunun fərqinə varandan sonra diqqətə ən çox ehtiyacı olan tapşırıqları günün ilk yarısında həll etmək heç də pis fikir kimi səslənmir. Eyni məntiqlə də, gün sonunda görəcəyimiz işlərin minimum dərəcədə diqqət tələb edən işlər olmasına xüsusi önəm verməliyik. Beləliklə də, bütün tapşırıqlara gərəkən səviyyədə fokuslana bilərik.

Bütün məsələ resurslardan ehtiyatla istifadə etməkdən ibarətdir.

İşə başlamazdan öncə beynini işə sal

Zamanını və enerjisini ağıllı şəkildə xərcləyənlərin əldə edə biləcəklərinin həddi-hüdudu yoxdur.

Vərdişlərimiz və işə yanaşmamız məhsuldarlığımıza birbaşa təsir göstərir. Yuxarıda qeyd olunan 10 produktiv yanaşmanı hər gün tətbiq edərək sən də məhsuldarlığını bir neçə mərhələ irəli daşıya bilərsən.

5
Müəllif
Şərhlər