Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Qanadsız Mələk
4 iyul 2024 20:22
446

Qanadsız Mələk

Çox yorulmuşam. Bu aralar dərslər başımı ağrıdır. Necə olsa, uzun müddət dərs oxumayan biri birdən-birə dərslərə ciddi cəhdlə başlayanda gücə (loru dildə desək, “naqruzkaya”) düşür. Dərslərimi rahat hazırlamaq üçün Nərimanovdakı Metropark ticarət mərkəzindən istifadə edirəm. Buranın 7-ci mərtəbəsi gözəldir. Həm yemək yeyə, həm də dərs oxuya biləcəyiniz masaları var, rahat oturacaqları, interneti və musiqisi var. Bu aralar yeni il səbəbi ilə “yolka”(şam ağacı) da qurublar. Birazdan Şaxta Baba da gətirsələr, təəccüblənmərəm. Uşaqlarla zarafatlaşanda Metroparka “İkinci evim” deyə müraciət edirik. Akademiya dərsindən çıxdıqdan sonra hazırlıq kursundakı dərsimi gözləməli oluram. Kurs da Nərimanovdadır. Metropark isə gözləmək üçün ən ideal yerlərdəndir.

Bu gün də adətən oturduğum masalardan birində oturmuşdum. Dərsləri hazırlamışdım deyə kitab oxumaqla məşğul idim. Alfred Adlerin “Gənc qız psixologiyası və cinsəlliyi” kitabını oxuyuram. Psixologiya ən çox marağımı çəkən sahələrdəndir. Belə ki, imkanım olan kimi ikinci təhsil almağı düşünürəm. Psixoloq olmaq arzularımdan birinə çevrilib. Həm də işində peşəkar, işini bilən psixoloq...

Yemək üçün aşağıdakı “Bazarstore”dan kontik almışdım. Bu yaxında öyrənmişəm ki, qonşum Hüseynin də tələbəlik dönəmində yediyi kontik imiş. Zaman təkrarlanır. İndi də mən tələbəlik dönəmlərimi kontiklə keçirirəm.

Kontiki təzəcə açmışdım ki, balaca bir uşaq yaxınlaşdı. Baxanda deyərsiz ki, yüz faiz dilənçidir. Ancaq simasında xüsusi bir gözəllik var idi. Zənn etdim ki, bu normal insandır və məni kamera ilə çəkirlər. Bu uşaq indicə məndən nəsə istəyəcək, mən ona həmin şeyi versəm, kamera tutan adamlar gizləndikləri yerdən çıxaraq gələcək, hamısı məni alqışlayıb tərifləyəcək.

Ancaq yox, ətrafı yaxşıca müşahidə etdim, kimsə yox idi. Nə kameralar, nə adamlar var idi. Sadəcə məndən bir stol ötədə oturmuş oğlan uşağını görmək olurdu. O da məndən az sonra buraya gəlmişdi.

Mənə yaxınlaşan dilənçi söhbətə başladı:

 - Salam.

 - Salam. Nəsə lazım idi?

 - Hə. Ancaq mənə yox, sənə lazımdır.

 - Nə? Səndən nəsə istəmədim axı, sən özün yaxınlaşdın mənə. Mənə nə lazım ola bilər ki?!

 - İki gün öncə Allahı sorğulamısan.

 - Mən?

 - Bəli.

 - Nə düşünmüşəm ki?

 - Allahın yaxşı və pis barəsində aldığı qərarları sorğulayırdın.

 - Yaddaşım zəifdir, xatırlamıram, ancaq ola bilər. Burda nə var ki?! Həqiqəti bilmək üçün sorğulamaq olmaz ki? Həm sən bunu düşündüyümü hardan bilirsən ki?!

 - Həqiqəti sorğuladığını deyirsən, ancaq sənə kim deyir ki, yaxşı və pis həqiqətin özüdür? Sən hardan bilirsən axı, yaxşı nədir, pis nədir?

 - Mən çox gözəl bilirəm yaxşı və pisi!

 - Sən öz dünyana uyğun olan yaxşı və pisi bilirsən. Allahın aldığı qərarlar sənin düşüncələrin ilə taraz deyil ki, onları müqayisə edəsən.

 - Məncə ağlım yetərincə var. Biraz düşünsəm, elə Allahın öz köməkliyi ilə onun hikmətinə də yaxınlaşa bilərəm.

 - Ağlın yetərincə var? O zaman mənə yaxşı bir əməl göstər, elə bu dəqiqə.

 - Baş üstə.

Əlimdəki fıstıqlı kontiki özümlə ötədə əyləşən oğlan uşağı üçün apardım. Ona uzadıb “Buyur, nuş et, sən də şagirdsən, oxuyursan...” dedim. Halbuki o inkar etdi, biraz təkid etdikdən sonra axırda əlini atdı, kontikin birini götürüb yedi.

Mən geri dönüb zəfər qazanmış bir əda ilə əvvəlki yerimdə əyləşdim. Dilənçi uşağa üzümü tutub dedim:

 - Gördün, yaxşılıq budur. Yaxşılıq bəsit bir şeydir. Dərinə getmək lazım deyil.

Uşaq istehzalı gülüş ilə mənə baxdı və dedi:

 - Sənin hələ öyrənməli olduğun çox şey var.

Arxasını döndü və getməyə başladı. “Sən kimsən? Adın nədir?” qışqırsam da, mənə əhəmiyyət vermədi, bir müddət sonra isə gözdən itdi. Soyuqqanlılığımı qoruyub təəccüblə də olsa kitabımı oxumağa davam etdim. Elə ikicə sətir oxumuşdum ki, ötədəki oğlan uşağının yerə yıxıldığını gördüm. Boğulurdu. Üzü-gözü şişmişdi. Sanki bu dəqiqə partlayıb öləcəkmiş kimi. Üstəlik dayanmadan bütün bədənini qaşıyırdı.

Xəstəxana koridorunda gözümdə yaş yenə Allahı sorğulayırdım. Niyə axı?! Niyə buna icazə verdin? Mən necə deyim ki, Allahın bu əməli yaxşıdır?!

Mən yaxşılıq etmək istəmişdim, ancaq bilmədiyim bir şey var imiş. Bu oğlanın fıstığa kəskin allergiyası var imiş. Kontik isə onu ölümcül vəziyyətə salıb. Mən sadəcə şirni yeməsini, qarnını nisbətən doyurmasını istəmişdim. Axı günahım yoxdur mənim?! Allah harada idi bəs? O dilənçi oğlan kim idi, qeybdən gəlmişdi, yoxsa qanadsız mələk idi? Bəlli deyildi.

Gözümdən süzülən yaş ilə hıçqıra-hıçqıra qalmışdım. Ailəsi fürsət tapdıqca sinəmə, çiynimə yumruqlayır, məni döyəcləyirdi. Haqlı idilər, övladlarını xəstəxanalıq etmişdim. Olan hadisələri isə əlbəttə ki, onlara danışa bilmirdim.

Taqətdən düşdüyüm an az qala Allahdan əlimi üzəcəkdim ki, həkim içəridən çıxdı. Mənə yaxınlaşdı, qolumdan tutub uşağın valideynləri tərəfə çəkdi. Qorxdum, özümü ölüm xəbərinə hazırlamalı idim, ancaq vaxtım çox az idi. Həkim üzünü bizə tutub:

 - Oğlan yaxşıdır. Özünə gəlib. Qorxmayın, hər şey əladır. Hətta mümkünsə, bu oğlana, Hüseynə təşəkkür edin. Övladınızın yeni başlayan təhlükəli xəstəliyi var imiş. Ancaq bu xəstəliyin yenicə başladığını öyrənən kimi dərhal müdaxilə etməklə qarşısını almaq mümkündür. Oğlunuz xəstəxanalıq olmasaydı, bu xəstəliyindən xəbərsiz olacaqdınız və bir gün iş işdən keçmiş olacaqdı.

Valideynlərinin könülsüz təşəkküründən sonra oranı tərk etdim. Yolda səmaya baxaraq bu sözləri keçirdim qəlbimdən:

“Axx, Hüseyn, sən hardan bilirsən axı, yaxşı nədir, pis nədir?! Axı sən bir şeyin yaxşı, ya pis olduğunu nə biləsən?!..”

 

#23

Qəhrəmanov Hüseyn

İnstagram: qahramanov.huseyn

Əlaqə: 0708663812 

3
Müəllif
Şərhlər