Teatrda Heyvan Metaforaları: Xarakter Yaradılmasında Yeni Perspektivlər
II Nikolayın dövründə böyük güc əldə etmiş Romanovlar sülaləsi niyə birdən birə çökdü? 1917-ci ildə baş vermiş inqilab? Məsələnin daha dərinlərinə ensək II Nikolayın hakimiyyəti həyat yoldaşı İmperatriça Aleksandra Fyodorovna və mistik gücə malik Rasputinin təsiri altında idi. Qulağa qəribə gəlsə də bu belədir.
“Hökmdarın dövlət idarəçiliyində öz həyat yoldaşından məsləhət alması qəbahətdir” - bu cümləni məhşur rus yazıçısı Qriqori Qorin “Herostratı unudun” tamaşasında rahibənin dilindən yazır. Əsərdə Efesin baş hakimi Kleonun dilindən isə “Bir məsələni müzakirə edərkən ər və arvadın arasına girmək qadağandır” cümləsini yazır. Maraqlıdır: din yoxsa qanun? Məqalənin məcrasından kənara çıxmamış gəlin fikrimizə davam edək.
HAKİMİYYƏT! Təsadüfü deyil ki, Fransada IV Henrinin yoldaşı Mariya Medici siyasi səhvlər və korrupsiya ilə ittiham edildikdən sonra Henri sui-qəsd nəticəsində öldürüldü. Yalan və ya doğru, hər halda tarix belə yazır. Amma biz ibrət almaq üçün tarixə deyil dövrün yazıçılarının əsərlərinə nəzər salırıq. Qriqori Qorinin “Herostartı unudun” əsərində Klementina obrazı var ki, bu da Efesin böyük hökmdarı Tissafernin həyat yoldaşıdır. Klementina dövlət idarəçiliyində, daxili və siyasi məsələlərdə Tissafernə böyük təsir göstərmək gücünə malikdir.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 25 yanvar tarixində premyerası baş tutan bu əsərdə rahibə Eritta obrazını Zəminə Məmmədova, Klementina obrazını isə onun qızı Səkinə Məmmədova ifa edirdi. Qəribədir, bəzən deyirlər ki “sənət yolxucudur”, bu doğurdan da belədir. Anadan qızına keçən sənət qığılcımları səhnədə büsbütün alovlandı. İki fərqli obraz, iki fərqli xarakter və iki fərqli tempo-ritm.
Hollivudun iki məhşur siması Cudi Qarland və onun qızı Liza Minnelli “Aspernin Sənədləri” (The Aspern Papers) tamaşasında ifa etdikləri obrazları ilə yaddaşlarda qalmağı bacarmışdılar. Bəs görəsən Zəminə Məmmədova və onun qızı Səkinə Məmmədova tamaşaçıların yaddaşında qalmağı bacarmışlarmı?
Öncəliklə rejissorun ideyasına və quruluşuna toxunmadan zoomorfik teatr ailəsinə xas nüansları gördüyümüz “Herostratı unudun” tamaşasında Səkinə Məmmədova “ilan”ın, Zəminə Məmmədova isə “qarğa”nın fərdi xüsusiyyətlərini ifa etdikləri obrazlarında göstərdilər.
Teatr tarixində heyvan simvolikası tez-tez obraz yaratma texnikası kimi istifadə edilmişdir. Antik Yunan teatrından “lecoq” metodikasına qədər aktyorlar heyvan hərəkətlərindən ilham almışdır. Səkinə Məmmədovanın "Herostatı Unudun" tamaşasında Klementina obrazını canlandırarkən ilanın sırılan, sakit, lakin eyni zamanda aqressiv dinamikasından istifadə etməsi tamaşaçılar üçün diqqətçəkən oldu.
Klementina obrazı tamaşadakı digər personajlarla müqayisədə manipulyativ, hiyləgər və dərin psixoloji gücə malikdir. Onun xarakteri tamaşa ərzində bir neçə fərqli emosiya spektrini nümayiş etdirir.Klementina bir çox səhnədə sabit baxışlar və yavaş hərəkətlər vasitəsilə gözətən, analiz edən bir xarakter kimi görünür. Aktrisa ilanın öz ovuna yaxınlaşdıqda etdiyi hamar və səssiz hərəkətləri təqlid etməklə obrazına gizli bir gərginlik qatdı. Tamaşa boyu “s” samitlərində vurduğu xüsusi vurğular tamaşaçıları yormur və nədənsə qulağa qəribə gəlmirdi.
İlanlar tarix boyu simvolik olaraq bilik, şər və ya hiyləgərlik anlayışları ilə assosiasiya edilmişdir. Teatrda ilan davranışlarının istifadəsi aktyorun bədən nəzarətini gücləndirməyə imkan yarada bilər.
Qarğa və ilan bioloji olaraq fərqli siniflərə aid olsalar da, onları birləşdirən əsas cəhətlər var: hər ikisi adaptasiya qabiliyyəti yüksək olan heyvanlardır və mifologiyada, folklorda xüsusi simvolik dəyər daşıyırlar. Qarğa və ilan, hər ikisi fərqli ekosistemlərdə kritik rol oynayan canlılardır.
Gəlin görək səhnədə hansı parladı Səkinə Məmmədovanın “ilanı” yoxsa Zəminə Məmmədovanın “qarğası”
Aktrisa Zəminə Məmmədovanın tamaşa boyu gözlərini daim hərəkətdə saxlaması və qəfil dönən baş hərəkətləri ilə qarğanın müşahidə qabiliyyətini xatırlatdı. Qarğanın xırıltılı və sərt səsini təqlid edərək, Erittanın danışıq tərzi sərt və təsiredici olmuşdur.
Zəminə Məmmədovanın rahibə Eritta obrazında qarğa simvolikasından istifadəsi onun aktyorluq texnikasına dərinlik qatmış və tamaşaçılarda unudulmaz təəssürat yaratmışdır. Bu yanaşma fiziki teatrın ifadə vasitələrinin genişliyini bir daha nümayiş etdirir.
Rejissor Mir Qabil Əkbərov bu heyvan xarakterlərindən istifadə edən aktrisalara onların davranışına uyğun hərəkət trayektoriyası yaradaraq Klementinanı daim personajların üstünə yönəldir, Erittanı isə sərt hərəkətdə saxlayır. Rejissorun vəzifəsi yalnız aktyorları idarə etməklə məhdudlaşmır, həm də tamaşanın ritmini, vizual harmoniyasını və simvolik yükünü yaratmaqdır. Rejissor Mir Qabil Əkbərov səhnə plastikası və heyvan metaforalarından istifadə edərək xarakterlərin dramaturji dərinliyini artırır. Rejissorun bu metaforalardan istifadə edərək yaratdığı səhnə plastikası aktyorların hərəkət trayektoriyası ilə sıx bağlıdır. Əkbərov Klementinanın səhnədə daima personajların üzərinə yönəlməsini tələb edərək onun dominantlığını və manipulyativ gücünü vurğulayır. Digər tərəfdən, Eritta obrazı isə sərt və məhdud hərəkətlərlə təqdim edilir ki, bu da onun soyuq və təhlükəli mahiyyətini ön plana çıxarır.
O ki, qaldı iki personajların ifasının qiymətləndirilməsinə, onu da tamaşaya baxıb özünüz qiymətləndirərsiniz. Mənim deyəcəklərim bu qədər.