Yeni həşəratla tanışlıq
Əsgərlik günlərimdən birində sıradan bir gün keçirdi. Hər zamankı kimi səhər yeməyi yemiş, dərslər keçmiş, günorta yeməyi və sonra yenə dərslər olmuş, ardınca saat 5-də idman vaxtı gəlib çatmışdı. İdman edərkən maraqlı bir şey gördüm. Qaçırdıq. Üzərimdə bura gəldiyimdən bəri yeni tanış olduğum bəyaz, üstü qara xallı (ya da qara, üstü bəyaz xallı; tam xatırlamadım) həşərat var idi. Bu həşərat ağaclarımızın üzərində olur. Altında olan kimi üzərimizə dolur, biz də təmizləməyə məcbur oluruq. Necəsə olub, bu balacalardan biri mənim üzərimdə qalaraq mənimlə idmana gedib. Görünür, həmin həşəratların arasında ən kökü bu olub. İdmanla arıqlamaq istəyib. Bu arada təsəvvür edə biləsiz deyə qeyd edim: milçəyə bənzər bir həşəratdır.
Üzərimdə görən kimi təmizləmək üçün bu həşəratı ehmalca barmağımla itələdim və buna peşman oldum. Toxunan kimi həşərat parça-parça olub töküldü. Bu qədər həssas canlı. Bu həssaslıq mənə hardansa tanışdır. Düşünürəm, düşünürəm, amma yaxşı şəkildə ifadə etməyi bacarmıram.
Həssaslıq Tanrının insana verdiyi ən gözəl xüsusiyyət, xarakterdir. Məncə, həssaslıq mərhəmətin təməlidir. Həmçinin, ədalət üçün də qismən həssaslıq gərəklidir. Həssaslığın insan xarakteri olması mənə onu təsvir etmək üçün lazımi sözü xatırlatdı. Qadın.
Qadınlar da bizim həşəratın həssaslığına malikdir. Onlar da bir toxunuşla qırıla, dağıla, parçalana bilərlər. Mütləq gərəkmir ki, fiziki parçalanma yaşasınlar (həmin həşərat kimi). Gözlə görülməyən, mənəvi parçalanma yaşayırlar. Ona görə qadınlarla daha həsas davranmaq gərəklidir. Biz kişilər, gəlin qadınlarımızla gözəl davranaq. Gəlin, xanımlarımızla həssas davranaq. Gəlin, çiçəklərimizlə çiçəyə yaraşacaq şəkildə gözəl, nəzakətli davranaq. Gəlin, gülümüzə Balaca şəhzadə kimi davranaq.
Yoxsa dünyanın gözəlləşməsini gözləyə bilmərik...
Son.
Qəhrəmanov Hüseyn
Əlaqə: 0708663812
İnstagram: qahramanov.huseyn