Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Ziddiyyət
18 iyun 2024 18:51
354

Ziddiyyət

“Atamızdan, anamızdan belə görmüşük biz! Qadın nədir, işləmək nədir?! Qoy hələ təhsilini bitirsin. Qıçını qırıb evdə oturdacam. Mənim arvadım mənim evimin içində olmalıdır. İndi dəymirəm ona, elə bilir ki, elə belə də olacaq...”

Sükut çökdü. Bu sözləri ona deyən kəs sanki sözləri bitən kimi dincini almaq üçün su bardağını başına çəkmişdi. Ancaq hələ də içməyə davam edirdi, çünki 5 dəqiqə ərzində ondan səs gəlmədi.

Rəsul öz ətrafında dönür, bu səsin sahibini tapmağa çalışırdı. Ancaq otaq tamamilə boş idi. Hətta Rəsul qıpırdamasaydı, otağa ölüm səssizliyi çökər, bu səssizlikdən Rəsulun vücudu belə lərzəyə gələrdi. Aha, budur. O yenə səs eşidir.

“Nə saçmalayırsan, Rəsul?! Başına hava gəlib sənin? Atan, anan sənin yerinə yaşayacaqsa həyatı, o zaman mən də razı. Dilimi qarnıma soxub bir kənarda dayanaram. Ancaq yox, Rəsul. Bu həyatı səndən başqası yaşayan deyil. Axı, sən yeni başlamısan həyata dönməyə. Sən artıq əvvəlki Rəsul deyilsən. Sən tamamilə yenisən. Artıq təkamül etmisən və müasir olmusan. O qıza oxumağa ona görə icazə verirsən ki, öz arzu və planlarını həyata keçirə bilsin.”

Rəsul bütün bu nitqi dinləyərkən gözünü bir nöqtəyə zilləmişdi. Səs sona çatana qədər də başqa heç bir yerə nəzər yetirmədi. Kənardan dayanıb Rəsulu izləsəniz, gözlərinin yol çəkdiyi qənaətinə varardınız. Ən azından bu yollar, Bakı küçələrində öncə çəkilib, sonra kanalizasiya üçün yenidən sökülən yollardan deyildi.

Qəhvəsini fincana süzdü. Deyəsən, yuxulu idi. Bu səslər də yuxu azlığından irəli gəlirdi. Hə, hə, yəqin ki, bu belə idi. Yatağına uzanıqlı əyləşdi. Qəhvəsi elə ordaca içilmədən soyumağa məhkum edildi. Çünki birinci səsin sahibi geri dönmüşdü. Aa, bu arada, sizə deməyi unutmuşam. Rəsul bu səslərin iki fərqli şəxsə aid olmasından qəti şəkildə əmin idi.

“Rəsul, yadına salım iki gün öncəki hadisəni?”

İki gün öncə Rəsul nişanlısı ilə görüşmüşdü. Onlar metrolardan birinin giriş pilləkənlərini enən kimi ayaq saxlamışdılar. Söhbətləri əsnasında yoldan keçən insanların diqqətinin onlarda olduğunu hiss edirdilər. Ancaq bunun səbəbini ikisi də çox gözəl bilirdi. Səbəb Rəsul deyildi. Səbəb onun nişanlısı Sevil idi. Sevil təhsili ilə əlaqədar olaraq uniforma geyinirdi. Bu forma adi məktəbli formalarından deyildi. Çiyinlərində paqon olan, uzunluğu dizdən yuxarıda ətəyi olan, şux qaməti ilə hər kəsi cəlb edən hərbi tərzində bir forma idi. Elə bu səbəbdən hər kəsin gözü Sevildə qalmışdı. Bu yerdə Rəsul sıxılır, daralır, iki səbəbdən özünü narahat hiss edirdi. Birincisi bu idi ki, hər kəsin gözü Sevildə idi. Rəsul bunu qəbul edə bilmir, ancaq bu barədə əlindən də bir şey gəlmirdi. Çünki Sevil ilə münasibət qurarkən təhsilinə əngəl olmamağa dair söz vermişdi. İkincisi isə o idi ki, Rəsul özünü nişanlısının yanında əskik hiss edirdi. Sevil formada, cəlbedici, uğurlu, üstün biri kimi görünürdü. Rəsul isə onun yanında hər daim sönük qalırdı. Buna görə bütün günü zəhərə dönmüş, bütün gecəni düşünərək keçirmişdi. İndi bu səsin sahibi ona baş verən bu hadisəni xatırlatmaq istəyirdi. Və bu səsin sahibi dostdur ya düşmən, bəlli deyildi. Nəhayətində bu səs ona bəzi həqiqətləri xatırlatmışdı.

Rəsul bir ömür belə yaşaya bilməzdi. Son qərarını aldı. Onun yoldaşı evdar qadın olmalı idi. Ona görə yox ki, o bu inancını dinindən alırdı. Heç atalarından gələn bir qanun olması da həqiqi səbəb deyildi. Biz bilirik ki, daş dövründə kişilər (fiziki gücü çox olan şəxslər) ova gedər, qadınlar (fiziki gücü az olan şəxslər) isə məhsuldarlıqla məşğul olmaq üçün qəbilədə qalarmışlar. İlk baxışdan elə zənn edilir ki, Rəsul atalarından qalma adəti həyata keçirir. Ancaq xeyr. Rəsul nə dinindən, nə də atalarından olan mirasından dolayı etmirdi bunu. Buna səbəb Rəsulun yalnız qısqanclığı idi.

Növbəti günlərin birində Rəsul Sevili görüşə çağırıb ona bəzi şərtlər kəsməyi qərara aldı. Bir masa arxasında iki nəfər əyləşmişdi. Ancaq bu görüşmə bir neçə gün öncə olsaydı, yəqin ki, Rəsulun stulunda əyləşən adam tamamilə başqa biri olacaqdı. Çünki bugünki Rəsul ilə bir neçə gün öncəki Rəsul arasında yerlə göy qədər fərq var idi. Zaman, həqiqətən, buna qadirdir?!

Kaş Rəsul biləydi ki, o səslərin sahibi kimlərdir. Kaş zamanında Xeyir və Şəri oxumuş olaydı. Kaş İn-Yan’ı başa düşəydi. Kaş gecə və gündüzü ayıra biləydi. Kaş ömründə bircə dəfə belə olsa, bəyaz vərəqin üzərinə düşən qara nöqtəyə saatlarla baxıb bəyaz və qaranın nə olduğunu görə biləydi. Bəlkə də o, əsla bilməyəcəkdi ki, eşitdiyi bu səslər yad birinin səsləri deyil. Öz daxilinin, məninin səsləridir. Sadəcə daxilindəki ziddiyyət ona iki ayrı səs kimi gəlmişdi. Bir-biri ilə yarışan iki Rəsul idi. Biri Xeyir, biri isə Şər...


Qəhrəmanov Hüseyn

Əlaqə: 0708663812

İnstagram: qahramanov.huseyn

4
Müəllif
Şərhlər