To take advantage of all the features of the platform
Register
or
Log in
azAzerbaijani
enEnglish
Mum qayıq
June 11, 2024 at 3:46 PM
199

Mum qayıq

“Uğura gedən yol azdır. Ancaq nə qədər az olursa-olsun, ən keyfiyyətli yollar da həmin yollardır. Mən də sizə bu yollardan birini deyəcəm. Uğurlu olmaq üçün əlinizi cibinizdən çıxarın. Bu yaxınlarda bir animasiya izlədim. Gənc bir oğlan yol boyu əllərini cibində saxlayır. Binadan çıxarkən qapıları bağlanan liftə doğru qaçan bir xanım görür. Oğlan qapıların bağlanmasına mane ola biləcəyi halda bunu etmir. Əlləri isə yenə də cibindədir. Bir az sonra balaca bir qız uşağı ilə rastlaşır, qız uşağının əlindəki şar əlindən çıxır və göyə qalxmağa başlayır. Oğlan onu tuta biləcəyi halda tutmur. Əlləri hələ də cibindədir. Yenə bir az keçir və önünə yolboyu üzü aşağı sürətlə hərəkət edən mağaza səbəti çıxır. Oğlan yenə onu tuta biləcəyi halda tutmur. Yenə də əlləri cibindədir. Və sahibi səbətə çatana qədər qaçmağa məcbur qalır. Daha sonra işıqforda dayanan gənc oğlan yaşlı bir nənənin onun qoluna girməsi ilə təəccüblənir. Qadın sorğusuz-sualsız oğlanın qoluna girir. Beləcə oğlan məcbur qalıb ona yolu keçməkdə yardım edir. Yolun ortasına çatanda işıqfora əhəmiyyət verməyən bir maşın sürətlə onların üzərinə gəlir. Son anda əyləci basır və maşın onlara bir az qalmış dayanır. Maşını uzaqdan görən oğlan isə öləcəyini zənn edib qorxusundan əllərini çıxarır. Sanki bu əllər onu maşından qoruyacaqmışcasına havaya qaldırır, maşınla arasında sipər edir. Bu anda o əllərinin fərqinə varır. Başa düşür ki, onun əlləri var imiş. Sabahsı gün yol boyu əlini cibinə salmayan oğlan liftə doğru qaçan xanımla rastlaşır. Bu dəfə oğlan əlini qapının arasına salıb xanımın minməsi üçün şərait yaradır. Sən demə oğlanın əlləri var imiş. Daha sonra balaca qız ilə rastlaşır. Şar qızın əlindən çıxır, ancaq oğlan şarı tutub qıza verir. Çünki artıq əlləri var. Həmən səbət yenə oğlanın yanından sürətlə keçməyə doğru gəlir, ancaq oğlan bu dəfə səbəti tutur. Çünki əllərinin fərqindədir. Yolu keçmək istəyən yaşlı qadının qoluna girir və ona yolu keçməkdə kömək edir.

Burada əsas məsələ ciblərdə, yaşlı qadının davranışında və sürətlə gələn maşının yaratdığı ölüm təhlükəsindədir. Ciblər maneələri təmsil edir. Əllərimizin dayanmasına səbəb olan maneələr. Halbuki bu maneələri özümüz yaradırıq, özümüz həmin maneələrin bizə əngəl olmasına izin veririk. Əllərinizi cibinizdən çıxarın. Çıxarın ki, lazım olduğunda istifadə edə biləsiniz. Əllərinizi həbs edən nə varsa, onların hamısını aradan qaldırmağa çalışın. Əlinizi cibinizdən çıxarın ki, bütün fürsətlərdən yararlana biləsiniz, bütün hadisələri dəyərləndirə biləsiniz. Yoxsa nə lifti tutacaqsınız, nə şarı, nə də səbəti. Nə yaşlı qadına kömək edəcəksiniz, nə də maşınla aranızda sipər.

Digər bir məsələ isə orasındadır ki, yaşlı qadın oğlanı buna məcbur edir. Əgər o bunu etməsəydi, yəqin ki, həmin oğlan həyatına elə olduğu kimi də davam edəcəkdi. Qadın orada həyatı təmsil edir. Həyat da bəzən bizləri məcburiyyətdə qoyur. Qoyur ki, əllərimizi cibimizdən çıxaraq. Buna məcbur olaq. Deməli, biz də bəzən sevdiklərimizi məcbur etməliyik.

Və son olaraq maşının yaratdığı ölüm təhlükəsi. Bu təhlükə həyatda yaşadığımız ən böyük təhlükələri təmsil edir. Təhlükələrə qarşı düşünərək, ağılla reaksiya vermirik. İnstinktiv olaraq qərar qəbul edir və davranırıq. Məsələn, yerə yıxılan insan əllərini önə uzatmalı olduğunu düşünmür. Birbaşa uzadır, çünki bu bizim refleksimizdir. Düşünürəm ki, bunları genetik miras kimi almış ola bilərik. Bir dostum xaric. Xatırlayıram, bir dəfə üzüüstə yerə yıxılarkən əllərini zədə görməsin deyə önə doğru deyil də, yanlara doğru açmışdı. Yazığın sifəti dəymişdi yerə. (Bilirəm, bunu oxuyursan. Burdan sənə də salam olsun.)

Təhlükələr bizi düşünməkdənsə, artıq qərar qəbul etməyə vadar edir.

Məncə, sizin belə şeylərə ehtiyacınız yoxdur. Yaşlı qadının qolunuza girməsini gözləməyin. Maşının sizin üzərinizə doğru gəlməsini gözləməyin. Həyat bu hadisələrin yaşanmasını gözləyəcək qədər uzun deyil. Özünüzün yaşlı qadını və özünüzün təhlükəli maşını olun. Əlinizi cibinizdən çıxarın.”

Qələmi yerə qoydum. Hələ bitməyən yazımın bu mətnini özəl olaraq saxlamağı düşünürəm. Bir gün “Ted kimi danış” proqramında çıxış edərkən bu cümlələri səsləndirə bilərəm, məncə. “Ted kimi danış” bilirsiz nədir? Uğur qazanmış kəslərin çıxışıdır. Yəqin ki, yaxın gələcəkdə mən də orada çıxış edəcəm. Əgər hələ unutmamış olsam, az əvvəl kağıza qeyd etdiyim bu yazını onlara da danışacam.

Xanım qızın addım səsləri gəldi. Dönüb ona doğru baxmağa macal tapmamış addım səslərinin ardınca ən sevdiyim musiqinin səsləndiyini duydum. Bu musiqi Xanım qızın səsi idi:

- Əzizim, nə yazırsan elə?

- Heç, “Ted kimi danış”ın mövzusu üzərində işləyirəm.

- Yaxşı edirsən. Amma unutma ki, səni hələ ora dəvət etməyiblər. Çox ümid bəsləsən və alınmasa, bir o qədər də pis olacaqsan. Üzülməni istəmirəm.

- Sən narahat olma. Mən yüz faiz əminəm ki, orda çıxışım olacaq. Sən bilmirsən ee, mənim necə bir uğurum var.

- Necə bir uğurun var? Mən elə bilirdim hamısından xəbərim var?!

- Dövlət sirridir. Sənə desəm, gərək sonra səni aradan qaldıraq. Olmaz!

- Mənə deyə bilərsən, - barmağını dodaqlarının üzərinə götürərək səssizlik əlaməti olan səs çıxardı, - şşş!

- Yaxşı, ancaq aramızda sirr olaraq qalsın ha!

- Tamam.

- Mənim ən üstün uğurum...

- Hətta?!

- Dayan, sözümü kəsmə. Bəli, hətta ən üstün uğurumdan bəhs edəcəm sənə. Məncə, bu uğur digərlərinə zəmin yaratdı. Buna görə də həmin uğuru tək və yeganə, ən əsas uğur olaraq qəbul etmək olar.

- De daha, ürəyim çəkildi.

- Mənim uğurum sənsən, əzizim...

4
Author
Comments