Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Datalar niyə bu qədər vacibdir? -  Data əsaslı biznes idarəetməsi
11 ноября 2023 г. в 10:06
464

Datalar niyə bu qədər vacibdir? - Data əsaslı biznes idarəetməsi

“Önümüzdəki 2-3 il ərzində dataların verdiyi informasiyanı anlamağı və ondan stratejik istifadə etməyi bacaranlar qazanacaq” - Erik Makqi

Təsəvvür et ki, əlində bir sehirli qüvvə var və biznesinin gələcəyini, hara getdiyini aydın şəkildə görə bilirsən. Günümüzdə bu sehirli qüvvə rolunu sistemləşdirilmiş və sistemləşdirilməyi gözləyən datalar ələ alıb.

Nə qədər çox məlumat - o qədər çox biznes həlli

Yəqin ki, nə vaxtsa xidmətindən çox istifadə etdiyin bir markadan istifadə etməyi dayandıranda, tətbiqdən və ya bir başa nömrənə mesaj gəlib: Sənin üçün özəl 50% promokod!

Bu zaman müştəri xidmətdən yenidən istifadə edir və şirkət loyal müştərisini itirməkdən qurtulur.

Datalara əsasən qurulan modellər eyni anda minlərlə müştərinin təkcə nə aldığını və neçəyə aldığını təyin etmir, eyni zamanda o hansı məhsullarla tanış oldu, tətbiqdə nə qədər vaxt keçirdi kimi xüsusi məlumatları da toplayır, sistemləşdirir, və oxşar müştəri qruplarını ayırır. Beləliklə şirkətlər artıq bütün müştərilərə eyni təklifi verməkdənsə, oxşar müştəri qruplarına və sadəcə şəxsin özünə xüsusi təkliflər verir. Nəticədə nöqtə atışı edildiyi üçün satışlar artır və şirkət daha çox qazanır.

Məlumata əsaslanan qərarların qəbulu niyə vacibdir?

Müştəri məlumatlarının “Excel” cədvəllərində idarə oluna biləcəyi günlər artıq tarixə qovuşur.

“Exploding Topics”in son hesablamalarına görə, hər gün təxminən 2,5 kvintilyon bayt məlumat yaradılır. Məlumatlar artdıqca təbii ki, informasiya da mürəkkəbləşir. Bu gün şirkətlərdə dataların toplanması, emal edilməsi, buna əsasən yeni məlumatların çıxarılması və avtomatlaşdırılması işlərini təmin edən - Data Analitik, Data Scientist, Data Vizualist kimi vəzifələr geniş yayılıb.

Bəs Data əsaslı qərar verən şirkətlər daha geniş çərçivədə nə qazanır?

Təxmini yox dəqiq qərarlar

Ortada genişmiqyaslı data varsa, şirkət əvvəlki kimi intuativ qərarlar əvəzinə vəziyyətin nə olduğunu daha dəqiq görür və daha dəqiq qərar verir.

Zamana, resurslara və büdcəyə qənaət

Dataları analiz etməklə şirkət hansı hissələrdə inkişafa ehtiyacı olduğunu görür, nəticədə sistem sadələşir və sadələşmiş sistem xərcləri, zaman və resursların boşa sərfiyyatını azaldır.

Müştərini daha yaxşı tanımaq

Müştərini harada itirə bilərsən? Artıq xidmətinlə və ya məhsulunla əlaqəni azaltmış müştərinə nə təklif etməlisən? - bunları biləndən sonra müştəri loyallığını və məmnuniyyətini təmin edən strategiyanı qurmaq asanlaşır.

Rəqabətədavamlılıq

Rəqiblərindən daha uzaqgörən olanda bazar dəyişikliklərinə çevik adaptasiya şirkətə rəqiblərə qarşı üstünlük əldə etməyə imkan yaradır.

Riskləri azaltmaq

Şirkət potensial təhlükələri, zəiflikləri və dalğalanmaları müəyyən edib riskləri minimuma endirir, kriz anında daha az zərərlə hərəkət edir.

Gəlirləri artırmaq

Bütün yuxarıdakı üstünlüklərin hamısı sonda xərclərin azalıb, gəlirlərin artmasına səbəb olur.

Data əsaslı qərarvermədə çətinliklər nələrdir?

“Big Data” əsasən faydalılıq gətirsə də bir sıra çətinlikləri də mövcuddur. Ən əsas narahatlıq isə dataların məxfiliyi və təhlükəsizliyidir. Böyük həcmdə məlumatların toplanması zamanı sui-istifadənin olmaması və gizlilik siyasətinin pozulmaması üçün güclü tədbirlər görmək lazım gəlir.

Bundan əlavə, şəxsi məlumatlarla işləməyin etik tərəfləri də var. Müəssisələr üçün məlumatların istifadəsi və şəxslərin məxfilik hüquqlarına hörmət arasında tarazlıq yaratmaq çox vacibdir.

Xülasə

Dövrümüzdə məlumatlar biznes qərarlarının əsas parçasına çevrilib. Dataları toplamaq, təhlil etmək və ən əsası şərh etmək şirkətlərə ən optimal variantları tapmağa imkan yaradır. Bununla belə, məlumatlara əsaslanan qərarların həm biznes, həm də fərdlər üçün eyni fayda verməsini təmin etmək üçün məxfilik və etik mülahizələri nəzərə alaraq, bu gücə məsuliyyətlə yanaşmaq vacibdir.

Yəni nə qədər çox dataya sahib olduğun önəmli deyil, önəmli olan onu uğurla istifadə edib-edə bilməyindədir.


5
Müəllif
ilahagasim
1 izləyici
Şərhlər