Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Əsla təkbaşına yemək yemə
11 ноября 2023 г. в 16:44
480

Əsla təkbaşına yemək yemə

Yeməyə hələ var, diqqətini mənə ver

Elə kainatın özü daxildəki hər şeyin qarşılıqlı vəhdəti nəticəsində var olmağa davam edir.

Bu, sənin üçün də keçərlidir. Həyatda uğur qazanmaq üçün hər şeyi təkbaşına etmək məcburiyyətində deyilsən. Çünki güc birlikdədir. Bu haqda araşdırma da edilib:

1986-cı ildə bir Harvard araşdırmaçısı öz-özünə soruşub: dərslərdə əldə edilən ballarla sonradan həyatda qazanılan uğur arasında nə kimi bağlılıq var? O, bu nəticəyə gəlib ki, əsas olan insanların öz əksik cəhərlərini tamamlayan başqa şəxslərlə əlaqə qura bilmə və qrup şəklində işləmə bacarığına sahib olması imiş.

Ən yaxşılardan dərs alaq

Varlı ailələrin və şəxslərin bu məsələyə yanaşmasına nəzər yetirsək görərik ki, onlar buna çox önəm verirlər. Belə ki, bu uğurda onlar yüksək vəzifələrdəki vakansiyalara bir-birlərini tövsiyə edir, dostlarının startaplarına investisiya qoyur və ən əsası, lazım gəldikdə məsləhətləşirlər. Nə də olsa, ağıl ağıldan üstündür. Qısası, onların uğuru sahib olduqları tanışlıqlarda gizlidir.

Bu da bizə bunu deyir: kiminlə isə güclü bir bağ qurmaq davamlı olaraq alıb-vermək prosesinin nəticəsidir. Sən mənim belimi qaşı ki, mən də səninkini qaşıyım.

Kiməsə önəmli bir mövzuda yardım etdikdə insanlar sahib olduqları əlaqəni gücləndirir, daha sadiq dostluq yolunda addımlayırlar. Birinə dost demək üçün illərin keçməsi əsas deyil, yeni tanışlıqlara da şans vermək gərəkdir.

Dostluqların gücü birlikdə keçirilən zamanın kəmiyyəti ilə deyil, keyfiyyəti ilə ölçülür.

Komfort zonanla vidalaş

Özlərini başqalarından izolyasiya edən şəxslər heç fərqində olmadan fərqli təcrübə, bilgi və perspektivlərdən məhrum şəkildə həyat sürürlər. Lakin unutmaq olmaz ki, başqaları ilə bağ quraraq uğur əldə etmək düşündüyümüzdən daha çox zəhmət və zaman tələb edir.

Qulaqlarına tərbiyə ver

Fikir vermisənsə, əslində heç kəs qarşısındakının nə danışdığını tam olaraq dinləmir.

Hər kəs cavab vermək üçün öz növbəsini gözləyir.
Növbəli monoloqları dialoqa çevirmək sənin əlindədir.

Etməli olduğun tək bir şey var: dinləmək!

Nə də olsa, çoxu insan axmaq deyil. Sənin onları dinləyib dinləmədiyini hiss edirlər. Buna görə də, danışılanlara qulaq vermək və maraq göstərmək səni fərqləndirən əsas cəhət ola bilər.

Əyləncəli müdafiəçi ol

Deyək ki, əlaqələr yaratmaqda ustalaşdın. Amma unutma, əsas olan həmin əlaqələri qoruyub saxlamaqdır. Bunun üçün də insanlara səninlə danışmaq və əlaqədə qalmaq üçün səbəb verməli, aranızdakı bağı müdafiə etməlisən.

Danışmağa dəyər biri olmağın arxasında isə maraqlı və əyləncəli biri olmaq yatır.

Əyləncəli olmaq həm də digər insanlardan fərqlənən, unikal baxış nöqtəsinə malik olmaqdır. Müxtəlif mövzularla bağlı fərqli fikirlərə sahib biri kimi tanındıqda insanların yadında qalır, ən yaxşı halda isə hörmət qazanırıq. Digərlərindən fərqlənməyin üçün bəzi məsləhətlər:

  • Özünü yaxşı tanı və müsbət cəhətlərinin üzərində işləməyə vaxt ayır;
  • Yenilikləri araşdır və onlar haqda başqalarına ilk sən bəhs edərək ətrafındakıları qabaqla;
  • Özəlliklə səni maraqlandıran mövzular barədə biliklərini inkişaf etdir;
  • Fasilələr verməyi və hər şeydən uzaqlaşmağı unutma ki, həvəsdən düşməyəsən.

Çoxda gözün olmasın

Önəmli bir nüans var ki, qeyd etməsəm olmaz. Ətrafımızda görməyə öyrəşdiyimiz bir insan tipi var. Hansı ki, dediklərimi tətbiq edərkən ona çevrilməkdən ehtiyat etməliyik. Həmin insanlar ətrafdakılara qeyri-səmimi və şöhrətpərəst təsir bağışlayır, nəticədə isə hörmətdən düşürlər. Buna görə də nə olursa olsun, səmimiliyi qorumaq əsasdır. Aşağıdakıları da siyahıya əlavə edə bilərik:

  • Deməyə nəsə sözün varsa, bunu sünilikdən uzaq şəkildə et;
  • Dedi-qodudan uzaq dur;
  • Həmişə dəyər qatmağa hazır ol və fərq yarat;
  • Tanış olduğun hər kəsə hörmətlə yanaş;
  • Məqsədlərin barədə həmişə açıq ol.


Yemək vaxtıdır

Uzun sözün qısası, yeni əlaqələr qurmağın mərkəzində gözəgörünməz olmaqdan qaçmaq qərarlaşır. Bu, o demək deyil ki, biz təkbaşına vaxt keçirməməliyik. Təkliyin də öz yeri və üstünlükləri var. Amma yalnız olmadığımız vaxtı ağıllı şəkildə istifadə etməyin önəmini də unutmaq olmaz.

Mümkün olduqca yeni insanlarla tanış ol, birlikdə zaman keçir, amma nə olursa olsun, “əsla təkbaşına yemək yemə”.

6
Müəllif
Şərhlər