Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Kişilər nə istəyir?
18 апреля 2024 г. в 17:52
953

Kişilər nə istəyir?

 Qadın? Pul? Eşq? Ailə? Nəsil? Şöhrət? Dominantlıq? Biz kişilər nə istəyirik? Görəsən, bu sualın düzgün cavabını elə bizim özümüz bilirik? Yoxsa qadınları özümüzün cavab tapa bilmədiyi suallara məhkum etmişik?

 Bu roman deyil, hekayə deyil, təhkiyə deyil. Bu məqalədir və təcrübəmin məndə buraxdığı izi sizə ötürmək istəyirəm. Ən əsası isə bu mövzu ilə bağlı mən də bir neçə cümlə demək istəyirəm.

 Bu suala cavab vermək istəmirəm. Kişilərin nümayəndəsi olmağım bəs etmir ki, mən bu sualın tam dəqiq cavabını bilim. Ancaq diqqətimi çəkən məqam var!

 Deyəsən, kişilər gözləmədikləri şeyi istəyirlər.

 Onların marağında olan məsələlər təbii ki, göz önündə olur və rahatlıqla başa düşmək olur ki, həmin şeyi istəyirlər. Bəs maraq etmədiklərini necə?! Məsələn, mənim iltifat eşitmək kimi bir marağım yoxdur. Ömrüm boyu da kimsədən bunu gözləməmişəm. Maraqlıdır, gözləmədiyim halda istədiyim şey iltifat eşitmək ola bilər?

 Universitetin dördüncü kursunda oxuyanda magistratura imtahanı üçün hazırlığa (məşğələ dərslərinə) gedirdim. Qruplarımızda onlarla tələbə olurdu. Məntiq dərsində azı 40 nəfər tələbə iştirak edirdi bəlkə də. Yəni bu dərslər vasitəsilə geniş dost çevrəmiz yaranmışdı. Onların arasından bəziləri xüsusilə seçilirdi və bu gün belə (magistr təhsilimi bitirirəm) münasibətdə olduğum Elnur adında bir dost qazanmışdım. Lakin bir qız onların arasından xüsusilə seçilirdi. Çünki heç vaxt unutmayacağım bir davranış göstərmişdi. O qızın adı Nuranə idi və bir gün...

 Mən məşğələlərə dərsdən çıxıb gedirdim, buna görə də Dəniz Akademiyasının formasında olurdum. Lakin bir dəfə evdən gedəsi oldum. Bu zaman forma deyil də, kostyum geyindim (kostyum ən sevdiyim geyimdir, əgər əlimdə fürsət olsa, yatanda da kostyumla yataram). Dərs otağına demək olar ki, hər kəs yığılmışdı. Nuranədən başqa. Onun da gəlməsini gözləyərkən söhbətləşir, deyib-gülürdük. Ani şəkildə Nuranə içəri girdi. Hər kəslə salamlaşmağa başlayıb mənə döndü və kostyumumu görüb dedi:

- Aa Hüseyn, nə yaraşıqlısan belə?

Təəccüb etdim. Gözlərim icazəm olmadan kostyuma doğru nəzər saldı. Gülümsədim. “Çox sağ ol” deyib susdum. Təvazökarlıqdan uzaq olsa da, sinifin ən əyləncəlisi, ən güldürəni mən idim. Lakin bu andan sonra ağzımı belə açıb danışmaq istəmirdim. Çünki mən ağlamaq istəyirdim. İlk dəfə idi ki, bir qızdan iltifat eşidirdim. İlk dəfə biri yaraşıqlı olduğumu demişdi mənə. İyirmi bir yaşlarında bir gənc ömründə ilk dəfə bu duyğunu dadmışdı. Bir cümlə bəs etmişdi onu duyğusallaşdırmağa.

Nəticə nə oldu? Deyə bilərikmi ki, əslində gözləmədiyimiz şeylərin dadını bilmirik, necə bir şey ola biləcəyini təsvir etmirik deyə onu daha çox istəyirik?! Ya da Mörfi qanunlarından yola çıxsaq, istəmədiyimiz şeylər olur, istədiklərimizsə olmur deyə bilərik? Bu ona bənzəyir ki, illərlə çay içmirik və çay içmək də marağımızda olmur. Ancaq uzun zaman sonra əslində qəlbimizin dərinliyində istədiyimiz şey çay olur. O qədər özümüzü uzaq tuturuq ki, zehnimizdən silinir və nəticədə ən çox istədiyimiz şeyə çevrilir. Nuranəyə emosialarımı silkələdiyi üçün təşəkkürlər.

Bir neçə ay öncə (bu da təqribən iyirmi iki yaşıma təsadüf edir) Bookzone kitab evində dostlarımla əyləşib söhbət edirdim. Amma öncəsində sizə danışmalı olduğum bir məsələ var...

Burnumun estetik görünüşünü qətiyyən bəyənmirəm və əməliyyat etmək üçün uyğun zamanı gözləyirəm. Dostlarımdan biri ilə (sağ olsun) zarafatlaşarkən yumruğu burnuma elə dəydi ki, burnum bir də düzəlmədi. Hələ də diqqətlə baxanda əyriliyi görünür. Uc hissəsi isə böyükdür və nəhəng görünərək məni narahat edir.

Bookzone kitab evində söhbətləşərkən masa yoldaşım Sədəf dönüb diqqətlə burnuma nəzər saldı. Özümü “Bu nə burundur, ala?!” zarafatına hazırlayırdım ki, Sədəf dedi:

- Sənin nə qəşəng burnun var?!

Şoka düşməklə yanaşı həm də ikinci dəfə idi iltifat eşidirdim və yenə eyni duyğuları keçirirdim. Üstəlik bu dəfə mənim bəyənmədiyim bir hissəm təriflənmişdi. İnanılmaz bir an idi.

Bütün bu hadisələrə rəğmən mən yenə də iltifata maraq duymadığımı qəti olaraq iddia edirəm. Bu iki hadisə isə məni düşünməyə vadar edir. Görəsən, mən də iltifat istəyirəm?

Qarşınızdakı oğlanı, kişini, bəyi, cənabı yoxlayın. Maraq duymadığı, bir dəfə belə olsun diqqətini çəkməyən bir davranış sərgiləyin. Bəlkə də mənim kimi özü belə bilmədən duyğusallaşacaq və ağlamaq istəyəcək. Hə, ən əsası isə xoşbəxt olacaq.

Kişilər nə istəyir bilmirəm. Ancaq belə bir nəticəyə gələ bilərik:

“Ən azından bilirik ki, kişilərin istədiyi şeylərdən biri iltifat, xoş sözdür”.


13
Müəllif
Şərhlər