Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Özümü tam hiss etmək üçün neçə ədəd Snikers yeməliyəm?
15 апреля 2024 г. в 18:16
304

Özümü tam hiss etmək üçün neçə ədəd Snikers yeməliyəm?

Əvvəlcə onu deyim ki, “Snikers”i sevirəm. Mərc edib qazandığım “Snikers”ləri isə öz pulumla aldıqlarımdan daha çox sevirəm. Həmişə də 5-li paket ən azından, “double bar” olmasına diqqət edirəm.

Yenə də axırıncı qazandığım mərcimdən olan “Snikers”i yeyərkən fikrim onun dadını almaqdan çox, hər dəfə niyə məhz “Snikers”dən mərc gəldiyimizi düşünməyə getmişdi. Hər şeyin psixoloji tərəfi ilə maraqlanan biri kimi bu sualı özümə verməyə bilməzdim: Niyə mərcə gələrkən “Gəl, “Snikers”dən mərcə girək” deyirik?

Cavab çox sadə idi. Böyük ehtimal bu şokoladlar ucuz və hər yerdə əlçatan mükafat olduğuna görə belə idi.

Artıq bu bir faktdır ki, kapitalizmin bizə təqdim etdiyi bu sistemdə, cəmisi bir əsr əvvəlki əjdadlarımızla müqayisədə inanılmaz dərəcə də çox çeşiddə yemək seçimimiz var. Market rəflərinin rəngarəng qida növləri ilə dolub daşdığı bir vaxtda aclıq artıq bir seçim deyil. Bəs görəsən, hamısının da ani xoşbəxtlik vəd etdiyi bu qida məhsullarını yeməyə ehtiyacımız var mı?

Elə illik gəliri üç milyard dollar olan “Snikers”i misal gətirsək, doğurdanmı günorta yeməyinə alacağımız bu şokolad bar bizə ev xörəyinin içindəki protein və zülaları vermək iktidarına malikdir? Əlbətdəki tez bazar mədəyə endirdiyimiz bu qidalar bizi lazımı enerji ilə təmin edəcək, amma bədənimizin buna ehtiyacı var mı?

Artıq heç bir elmi araşdırma olmadan belə cavabın hamıya aydın olduğunu düşünürəm: Yoxdur.

Bəs sağlam qidalanma ilə bağlı hamının kifayət qədər məlumatlı olduğu bir dövrdə niyə bir çoxumuz bu qidalardan həddindən artıq istifadə edirik? Əslində cavab, bir siqaret çəkənin siqaretin zərərli olduğunu bilə-bilə çəkməsi qədər sadədir: Çünkü bizlər kədərli, tək və depressiyaya düşgün nəslin nümayəndələriyik və “Snikers”in timsalında bu qədər “fastfood”u istehlak etməyimiz içimizdəki kədər, təklik və depressiyadan qaynaqlanan boşluğu doldurmağa çalışmaqdan başqa bir şey deyil.

Bu səbəbdən ac olduğumuz hər səfərində əslində fiziki aclıq yox emosional aclıq çəkirik. Amma bu hələki genişmiqyaslı fakt kimi qəbul olunmadığı və böyük ehtimal etiraf etməyin gətirəcəyi utancdan qorxduğumuz üçün şəfanı bizə ani həzzlərin içində olduğuna inandıran ən rahat qaçış metodlarına baş vururuq.

Çünkü həyatın gözlədiyimizdən və bizə söz veriləndən daha çətin olduğunu, işimizlə bağlı məmnunsuzluğu, sevgilimizin üzündəki o soyuq baxışın və s. bizi içdən içə nə qədər kədərləndirdiyi ilə üzləşmək daha qorxuducudur. Çünkü üzləşməyə çalışsaq bunun arxasında qəzəbli ata, qəmli ana, ən vacibi isə qorxmuş uşaq –Özümüzü- tapacağıq. Ona görə də ən yaxşısı “yeməkdir.”

Amerikanın Psychology Today jurnalına istinadən emosional yemə pozuntusu müasir dövrdəki ciddi problemlərdən biridir. Əsas səbəbi isə daha çox uşaq vaxtı yaşanılan travmalar və günlük stressdir.

Ona görə də belə düşünürəm ki, “Ac olanda sən o sən deyilsən” şüarı səsləndirməklə “Snikers” böyük ehtimal elə həqiqəti deyir. “Ac ruhlar” kimi market rəflərini arşınlayarkən biz həqiqətən də biz deyilik. “Tam” deyil, sadəcə natamamlıqlarımızı doldurmağa çalışan kədərli varlıqlarıq.

Amma bu o demək deyilki şəkər, karamel, nuqat və fıstıqdan ibarət bu qarışım bizim yeganə seçimimizdir. Daha effektli, daha xoş hiss etdirən və ən əsası pulsuz olan, başqa seçim şanslarımız da var: Yaxşı ünsiyyət və yaxşı münasibət.

İçdən-içə bunu hamımız bilirik. Hamımız nələrinsə yolunda getmədiyini hiss edirik. Sadəcə etiraf etmək çox çətindir. Bəlkə də mərclərimizdə bir-bizimizə vəd etdiyimiz “Snikers”lər elə bununla bağlıdır? Yəni dostumuza “Snikers” söz verməyimiz məhz elə “Mən səni anlayıram və bu şokoladı sənə verirəm ki, özünü tək hiss etməyəsən” demə tərzimizin bir növüdür?

Əgər elədirsə, qoy, bir gün, daha yaxşı bir gələcəkdə mərc edərkən söz verəcəyimiz mükafat, qarşımızdakı insanı dinləyəcəyimiz vədi olsun.


7
Müəllif
Şərhlər