Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Süni intellekt işini əlindən alacaq?
16 декабря 2023 г. в 18:50
885

Süni intellekt işini əlindən alacaq?

Texnoloji innovasiyaların getdikcə daha çox istifadə olunduğu bu dövrdə süni intellekt transformativ dəyişikliklərə öndərlik edir. Süni intellekt imkanlarının sürətli inkişafı insanları bu yenilik haqqında daha çox öyrənməyə həvəsləndirsə də, onun bir çoxlarının işini əlindən alma ehtimalını da gündəmə gətirir.

Süni intellekt gələcəkdə insanların işinə göz dikməyin əvəzinə, onlara gündəlik təkrar olunan işləri avtomatlaşdıraraq və ya çətin tapşırıqları daha qısa zamanda həll edərək yardım etmək üçün yaradılıb. Əslində, fərdlərin və təşkilatların bu texnologiyadan yaxın 10 ildə necə istifadə edəcəyi haqqında fikirlər çoxdur. Amma dəqiq olan bir şey var ki, o da süni intellektin iş dünyasında gördüyümüz hazırkı mənzərəni yenidən formalaşdıracağıdır.

Süni intellektin iş oğrusu kimi qələmə verilməsi

Bu yanlış təsəvvür süni intellektin imkanları və təsirinin səthi səviyyədə anlaşılmasından irəli gəlir. Süni intellektin əmək bazarındakı rolu işin birbaşa ləğvi ilə bağlı deyil, daha çox işin transformasiyası və təkamülü ilə əlaqədardır.

Süni intellekt fiziki əməyi və insan beyninin yaradıcılığını əvəz edəcək bir vasitə kimi deyil, təkmil alət kimi başa düşülməlidir. O, bizlərə təkrarlanan tapşırıqları avtomatlaşdıraraq və böyük həcmdə məlumatları istənilən insanın edə biləcəyindən daha sürətli şəkildə emal edərək yardımçı ola bilər. Lakin süni intellekt haqqında bir şeyi unutmaq olmaz ki, o da onun insanların iş yerinə gətirdiyi yaradıcı və emosional intellektə malik olmaması faktıdır.

Tarix bizə göstərir ki, bəzi iş yerləri texnoloji tərəqqi ilə yoxa çıxsa da, onların yerində yeniləri yaranır. Ona görə də, narahat olmağa dəyməz.

Hər şey bizlərin adaptasiya ola bilmə qabiliyyətimizdən asılıdır.

Süni intellekt özü ilə hansı yenilikləri gətirir?

Süni intellektin reallıqda iş yerlərimizi necə dəyişdirdiyini araşdırsaq görərik ki, bu transformasiya insanları əvəz etmək deyil, onların imkanlarını artırmaq məqsədi güdür, məşğulluq və səmərəlilik üçün yeni üfüqlər açmağı mümkün edir.

Məsələn, səhiyyədə süni intellekt alətləri ənənəvi vasitələrdən daha yüksək dəqiqliklə xəstəliklərin diaqnostikasına kömək edir, lakin onların mühakiməsi və xəstələrə qulluq bacarıqları üçün hələ də həkimlərə ehtiyac var. İstehsalda süni intellektlə idarə olunan robotlar təkrarlanan tapşırıqları yerinə yetirə bilər, lakin keyfiyyətə nəzarət və idarəetmə üçün insan nəzarəti tələb olunur.

Həmişə olduğu kimi, süni intellekt kimi yeni sahələrin yaranması və inkişafı həm də yeni iş yerlərinin ortaya çıxmasına səbəb olur. Süni intellekt sistemlərinə daha humanist şəkildə qarşılıqlı əlaqə qurmağı öyrədən təlimçilər buna misal ola bilər. Hansı ki, daha öncə nə onlara, nə də onların bu xidmətinə ehtiyac var idi.

Əsl ehtiyat etməli olduğun, süni intellektdən səmərəli istifadə edənlərdir

Süni intellektin əmək bazarına həqiqi təsiri, onu məharətlə istifadə edənlərə verdiyi rəqabət üstünlüyünə baxdıqda aydın nəzərə çarpır. Hazırda, sırf bu texnologiyanın mümkün etdiyi xidmətləri təklif edərək gəlir əldə edən bir çox şirkət tapmaq mümkündür.

Bu texnologiyanı öz strategiyalarına effektiv şəkildə inteqrasiya edən müəssisələr əhəmiyyətli faydalar görürlər. Məsələn, məlumatların təhlili üçün süni intellektdən istifadə edən şirkətlər müştərilərin davranışı və bazar tendensiyaları haqqında daha tez və dəqiq məlumat əldə edə bilərlər. Başqa bir misal olaraq, pərakəndə satış şirkətlərinin inventar proqnozlaşdırması üçün istifadə etdikləri süni intellekt alətlərindən bəhs etmək olar.

Süni intellekt onu başa düşən və onunla işləyə bilən işçi qüvvəsinə yüksək tələbat yaradır.

Süni intellektin gətirdiyi yeniliklərə adaptasiya olma qabiliyyəti

Süni intellektin gücünü daha yaxşı anlamaq üçün onun gətirdiyi dəyişikliklərə necə uyğunlaşa biləcəyimiz haqqında düşünməliyik. Bu texnologiyadan istifadə edən dünyada inkişaf etməyin sirri bacarıqların artırılmasında gizlidir. Odur ki, təhsil müəssisələri süni intellekt üzrə savadlılığa və onunla səmərəli işləmə bacarıqlarına yönəlmiş təlim proqramları təklif etməlidirlər. Yalnız bu halda hər kəs qarşıdan gələn yeniliklərə tam hazır ola bilər.

Bundan əlavə, iş yerində süni intellektdən etik şəkildə istifadə olunduğundan da tam əmin olmaq lazımdır. Aidiyyəti qurumlar bu texnologiyanın insanların hüquqlarını pozmayacaq şəkildə istifadəsinə nəzarət etməli, monitorinqlər təşkil etməlidirlər. Asan bir iş olmaya bilər, amma edilməsi zəruridir.

Nəhayət, yaradıcılıq, empatiya və mürəkkəb problemlərin həlli kimi insan işçilərini unikal edən keyfiyyətləri vurğulamaq vacibdir. Bu keyfiyyətlər süni intellektdən daha geniş istifadə etdiyimiz gələcəkdə insanlar üçün xüsusi önəm daşıyacaq.

Bəs bütün bunlardan nə nəticə çıxardaq?

Süni intellektin iş imkanlarını insanların əlindən alacağına dair bütün rəvayətlər mürəkkəb reallığın həddən artıq sadələşdirilmiş versiyasıdır. Süni intellekt inkişaf edən texnoloji yenilik olaraq bir çox sahələri böyük ölçüdə yenidən formalaşdırmaq potensialına malikdir. Bununla belə, gələcəyi məhz süni intellektdən istifadə etməkdə mahir olanlar müəyyənləşdirəcək.

5
Müəllif
Şərhlər